Şərurda muxtar respublikanın şair və yazıçıları ilə görüş

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bahar” kinoteatrında rayon ağsaqqalları, ziyalıları və gəncləri ilə muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin görüşü, 2018-ci ildə çap olunmuş kitabların təqdimatı olub. Xəbər verilir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva Naxçıvan şəhərinin, həmçinin muxtar respublikanın bütün rayon mərkəzləri və kəndlərinin gündən-günə abadlaşdığını, gözəlləşdiyini, böyük quruculuq, yaşıllaşdırma işləri aparıldığını vurğulayıb. Bildirib ki, həyata keçirilən belə tədbirlər hesabına qədim Şərur torpağı bu gün müasirliyi ilə göz oxşayır. Bu proses həm də yaradıcı sənət adamlarının ilham mənbəyinə çevrilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar çıxış edərək bildirib ki, görüşün keçirilməsində məqsəd son illərdə muxtar respublikada geniş vüsət alan inkişaf və tərəqqi haqqında söhbət açmaq, bu prosesin ədəbiyyatda salnaməsini yaradan qələm sahiblərinin fəaliyyəti barədə danışmaq, onların 2018-ci ildə işıq üzü görən kitablarını rayon ictimaiyyətinə təqdim etməkdir.

Sonra söz tədbirdə iştirak edən qələm sahiblərinə verilib. Hüseyn Əsgərov, Muxtar Məmmədoğlu, İbrahim Yusifoğlu, Həsənəli Eyvazlı, Muxtar Qasımzadə, Sürəyya Nəsib, Püstə Gülsevən və başqaları muxtar respublikada yaradıcı insanlara göstərilən dövlət qayğısından danışıblar. Qədim diyarımızın bugünkü inkişaf və tərəqqisinin onlar üçün ilham mənbəyi olduğunu və bunu öz əsərlərində qələmə aldıqlarını qeyd ediblər.

Tədbirdə muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin 2018-ci ildə işıq üzü görmüş kitabları barədə söhbət açılıb, ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər bədii qiraət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə