Opera ulduzları birgə çıxış edəcəklər

Dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək. SİA teatrdan verilən xəbərə görə, Opera və Balet Teatrının rəhbərliyi illərdən bəri formalaşmış ənənəsinə sadiq qalaraq yenidən tamaşada iştirak etmək üçün xarici sənətkarları dəvət edib. "Trubadur" operasının tamaşası bu dəfə Azərbaycanın tanınmış opera sənətkarları ilə yanaşı, həm də Belarus və Özbəkistanın opera ulduzlarının ifasında səslənəcək.

Tamaşada əsas partiyalardan birini - Leonoranı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Tatyana Tretyak ifa edəcək. Onun tərəf-müqabili kimi Manriko rolunda Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov çıxış edəcək.

Azərbaycan Opera və Balet Teatrının solistləri - Azərbaycanın Xalq artisti Əkrəm Poladov Ferrando, Əməkdar artistlər Səbinə Vahabzadə -Azuçena, Tural Ağasıyev - Rüis, solisrlərdən Taleh Yahyayev - qraf di Luna, Nina Makarova isə İnes rolunu ifa edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...