“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olunub FOTOLAR

Türkiyənin Antalya şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.

SİA-nın məlumatına görə, filmin nümayişi “İslahatçı Gənclər” İctimai Birliyi və Serik Bələdiyyəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Filmin təqdimatında ictimai-siyasi xadimlər, ziyalılar, hər iki ölkədən dəvət olunmuş deputatlar, Antalyanın aktiv gəncləri və KİV təmsilçiləri iştirak ediblər.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı filmi Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyətinin bütün məqamlarını mükəmməl şəkildə əks etdirən uğurlu ekran əsəri adlandırıb. O bildirib ki, bugünkü müasir və güclü Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir. Qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sona ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dünya miqyasında nüfuzlu ölkəyə çevrilib.

Fərid Şahbazlı Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrinə diqqət çəkərək, filmdə Azərbaycanı müstəqilliyə aparan çətin və ağır yolda qardaş ölkə - Türkiyənin dəstəyini xüsusi vurğulayıb.

Serik Bələdiyyəsinin sədri Ramazan Çalık filmin əhəmiyyətindən danışıb. Bələdiyyə sədri son illər hər iki ölkə arasında daha da möhkəmlənən qardaşlıq əlaqələrindən bəhs edərək bu birliyin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O, həmçinin müasir Azərbaycanın sürətlə inkişafının bütün dünyanın nəzər nöqtəsində olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev çıxışında Xalq Cümhuriyyətinin tarixi keçmişindən danışaraq çağdaş Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində böyük uğurlara imza atan ölkəmizin tarixinin filmdə yüksək səviyyədə əks olunduğunu qeyd edib.

Cümhuriyyətin fəaliyyətini, qarşılaşdığı problemləri, süqutunun səbəblərini, eləcə də müstəqilliyimizin bərpasının ilk illərində mühüm tarixi məqamları əks etdirən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonra qonaqlar Cümhuriyyət tarixindən bəhs edən fotolardan ibarət sərgi ilə tanış olublar.

Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət akademiyası”nın gənc istedadları tərəfindən “Çırpınırdın Qara Dəniz” və bir sıra vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinə töhfə vermək üçün çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə