Nazir Nyu-York səfəri çərçivəsində İspaniyanın keçmiş xarici işlər naziri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-York səfəri çərçivəsində İspaniyanın keçmiş xarici işlər naziri, 2019-cu ilin yanvar ayından etibarən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi kimi fəaliyyət göstərəcək Migel Angel Moratinos ilə görüşüb.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, görüşdə Əbülfəs Qarayev cənab Moratinosa fəaliyyətində uğurlar arzu edərək “Bakı prosesi” çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı birgə tədbirlərin təşkilinə hazır olduğunu bildirib.

M.Moratinos 2016-cı ildə Bakıda təşkil olunan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna toxunaraq Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətindən məlumatlı olduğunu və yeni vəzifəsinə başladıqdan sonra ən qısa vaxtda Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd edib.

Daha sonra 2019-cu ildə birgə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə