Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir

2020-ci ildə Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəni Forumunun fəxri qonağı olacaq. Bu il noyabrın 15-də Rusiyanın “Şimal paytaxtı”nda keçirilmiş forumun mühüm yekunlarından biri bundan ibarətdir.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun mətbuat xidmətindən SİA verilən məlumata görə, forumun açılış mərasimində RF Baş nazirinin müavini Olqa Qolodes beş il bundan əvvəl bu nüfuzlu məkanın necə görünməsini xatırlayaraq deyib: “Birinci forum cəmi 70 iştirakçısı olan kiçik bir diskussiyaya oxşayırdı. Bu gün isə forum mədəni trendlərin müzakirəsi üçün dünyada ən yaxşı məkandır. Ümidvaram ki, bu forum bütün bəşəriyyətin tərəqqisi naminə mədəniyyət sahəsində yeni zəfərlərə start verəcək”.

Həqiqətən, builki forumun işində dünyanın 150 ölkəsindən 35 mindən çox nümayəndə iştirak edib və forumun fəxri qonaqları olan İtaliya və Qətər xüsusi proqramlar təqdim ediblər.

Forumun fəxri qonağı status həm şərəf, həm məsuliyyət, həm də xalqlar arasında humanitar əməkdaşlığın vacibliyi barədə dostcasına niyyətlərin bəyan edilməsi üçün imkan deməkdir. RF mədəniyyət naziri Vladimir Medinski Forumun ilk iş günündə deyib: “Bu gün Rusiyada hər 4 nəfərdən biri muzeylərə gedir, rəyi soruşulmuş insanların 70 faizi rəqəmsal layihələrlə maraqlanır, respondentlərin 40 faizi müntəzəm olaraq teatrlara gedir. Bütövlükdə, son 4 ildə mədəni tədbirlərdə iştirak edən rusiyalıların sayı 30 faiz artıb”.

Rusiyada mədəniyyətə marağın daim artması şəraitində Peterburq Forumunun fəxri qonağı statusu ölkənin mədəniyyətini, musiqisini, teatr sənətini, tarixini ən yaxşı cəhətdən göstərmək üçün çox mühüm vasitədir.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq sənədlərin imzalanması mərasimində çıxış edərək deyib: “Biz şadıq ki, forumun fəxri qonaqları olacağıq. Bu, ölkəmiz üçün çox mühüm məqamdır, çünki biz Rusiya ilə qarşılıqlı mədəni əlaqələrə çox böyük diqqət yetiririk, iki ölkənin məktəbləri, teatrları, muzeyləri arasında əməkdaşlıq barədə müqavilələrin, müştərək layihələrin sayı daim artır. Bizim incəsənət xadimlərinin çoxu Peterburq mədəni forumu çərçivəsində özünü göstərmək imkanını səbirsizliklə gözləyir”.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev vurğulayır ki, Peterburqda iki ölkənin mədəniyyət nazirləri tərəfindən imzalanmış saziş prezidentlər Vladimir Putin və İlham Əliyevin bu yaxınlarda keçirilmiş görüşünün nəticəsidir. Dmitri Savelyev vurğulayıb: “Aralarında çox gözəl diplomatik və insani münasibətlər olan dövlətlərimizin başçıları Rusiya və Azərbaycan xalqları arasında humanitar əlaqələrin möhkəmlənməsində maraqlıdırlar, çünki məhz bu əlaqələr insanların bir-birini daha yaxşı anlamasına kömək edir. Əminəm ki, 2020-ci ildə Azərbaycan bizi heyrətləndirəcək: bu respublikada “Eurovision” mahnı müsabiqəsindən başlamış Birinci Avropa Oyunlarına qədər müxtəlif tədbirlərin necə yüksək səviyyədə təşkil olunmasını hamımız bilirik. Deməli, iki ildən sonra Peterburqu çoxlu xoş sürprizlər gözləyir”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev imzalanmış sazişi şərh edərək bildirib ki, Peterburq Forumu kimi böyük tədbirdə Azərbaycan mədəniyyətini təmsil etmək imkanı respublika teatrlarının inkişafı üçün çox vacibdir. Ə.Quliyev deyib: “Azərbaycanın belə dəvət alması çox mühüm məsələdir. Forumda biz təcrübə mübadiləsi aparır, müxtəlif təşkilatlarla əlaqələrimizi, münasibətlərimizi inkişaf etdiririk. Bizim Opera və Balet Teatrı ölkədə aparıcı teatrdır və biz onun bütün dünyada, ilk növbədə, Rusiyada təbliğ olunmasında maraqlıyıq. Rusiya ilə müştərək layihələrimiz çoxdur. Məsələn, forumdan dərhal sonra Bakıda Böyük Teatrın truppasının iştirakı ilə “Jizel” baletinin premyerası olacaq. Belə layihələrin sayı artmaqdadır, çünki biz Mariya Teatrı və Mixaylov Teatrı ilə də əməkdaşlıq qururuq”.

Yeri gəlmişkən, burada qeyd etməyə dəyər ki, Eyyub Quliyev Novosibirskdə Safonov adına Rusiya Simfonik Orkestrinin xüsusi dəvət edilmiş baş dirijorudur. “Rusiya-Azərbaycan Dostluq Mərkəzi”nin rəhbəri Nataliya Krasovskayanın fikrincə, Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində regional əməkdaşlıq artıq yaxşı bir ənənəyə çevrilib. 2020-ci ildə bu ənənə yeni səviyyəyə çatacaq. N.Krasovskaya deyib: “Çox mühüm beynəlxalq əməkdaşlıq məkanı olan Peterburq Forumu qarşılıqlı mədəni əlaqələr vasitəsilə üfiqi əlaqələrin mövcud trendini daha da möhkəmlədir. Bu da öz növbəsində xalq diplomatiyasının ən mühüm vasitələrindən biridir. Əlbəttə, Azərbaycanın həmin forumda fəxri qonaq olması barədə qərarın çox böyük əhəmiyyəti var. Bu, iki dövlətin və onların xalqlarının qarşılıqlı hörmətə, anlaşmaya və dostluğa əsaslanan ümumi gələcək qurmaq əzmində olduğunu təsdiq edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə