“Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” FOTOLAR

Bakı Kitab Mərkəzində “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik - Ülvi Bünyadzadə: Şəxsiyyəti və ədəbi irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq konfransın əhəmiyyətindən danışıb.

Bildirib ki, dövlətimiz tərəfindən şəhidlərimizin ruhu hər zaman hörmətlə anılıb və yeni fəaliyyətə başlayan mərkəzdə də bu səpkidə ilk dəfədir belə bir tədbir keçirilir. “Ülvi Bünyadzadə qısa ömür sürməsinə baxmayaraq, o qədər iş görüb ki, bir neçə onilliklərə sığar. Yaşasaydı, çoxlu əsərləri ilə həm elmimizə, həm ədəbiyyatımıza töhfələr verə bilərdi. Ömür vəfasızdır, tale amansız. Ülvinin də taleyinə belə bir naxış vurulub ki, o, Vətən uğrunda şəhid olmalı idı. O gənclərə örnək ola biləcək bir ömür yaşadı”, - deyə mərkəzin direktoru qeyd edib.

Tədbirin aparıcısı, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova şəhidin keçdiyi mənalı ömür yoluna, yaradıcılığına nəzər salıb, konfransın əhəmiyyətini qeyd edərək deyib: “Bu il ölkəmizdə müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilir. Yüz illik bu dövlətin tarixində çox şəxsiyyətlərin xüsusi rolu, mübarizəsi, izi olub. Bu müqəddəs yolda kimisi Qazi, kimisə də Şəhid oldu. Amma milli mübarizlər məqsədlərinə nail olmuşlar - kimin döyünən ürəyi sevinmiş, kimininsə ruhu. Azərbaycan müstəqilliyi, mücadiləsi yolunda həm mənəvi dünyası, həm də cismani ömrü ilə adını əbədiyyətə yazmış bir ad da var - milyonların qəlbində yer almış şəhid-şair Ülvi Yusif oğlu Bünyadzadə”.

İlk yaradıcılıq fəaliyyətinin poeziya aləmi ilə bağlı olduğunu qeyd edən A.Binnətova bildirib ki, Ülvi Bünyadzadə uşaq yaşlarından bu sənətə öz duyğusu, hissi, duyumu ilə meyil edib və getdikcə həyati müşahidələri, düşüncələri ilə buna daha da bağlanıb: “Ülvinin bütün şeirləri, yazıları onun xarakteri ilə bir vəhdətdə birləşir, bu, Vətənə, torpağa məhəbbət hissi ilə əlaqədardır. Ülvi ədəbi yaradıcılığı üzərində ciddi çalışıb. Həmin illərin bəhrəsi olaraq bu gün əlimizdə onun zəngin, rəngarəng və orijinal ədəbi irsi vardır. Ülvinin əsərlərində ana xətt - vətən müqəddəsliyi, azadlıq duyğusu və qeyrətli vətəndaş oğul obrazının tərənnümü əsas yer tutur”.

Qeyd edib ki, “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!” - azadlıq eşqi ilə şeirlər qoşan, Vətən təəssübü ilə şəhid olan Ülvi Bünyadzadə cəmi 20 illik həyatı ilə Azərbaycan tarixində, Azərbaycan ədəbi-mədəni həyatında silinməz izlər qoyub.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Ü.Bünyadzadənin azadlıq uğrunda mübarizəsindən, onun gənclərə örnək ola biləcək nümunəvi davranışından, yaradıcı fəaliyyətindən bəhs edib.

Ü.Bünyadzadə haqqında xatirələrini bölüşən bacısı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə qeyd edib ki, qardaşı içindəki həqiqətləri və gənclik missiyasını üzə çıxararaq öz şəxsiyyətinin qurucusu olub.

Çıxışlarda qeyd edilib ki, o, bütün zamanların ən gənc və istedadlı şairi kimi yaddaşlarda qalacaq. O, bəlkə də xoşbəxtlərdəndir ki, ölümü ilə ölməzliyə yol açdı, adını bir millətin tarix salnaməsinə yazdıra bildi. Onun adı bu gün ən vətənsevər, mübariz insanların adı ilə birgə, yanaşı çəkilir. Uyuduğu Şəhidlər xiyabanı isə təkcə mənsub olduğu xalqın yox, həm də Azərbaycana üz tutan ən ali qonaqların ziyarət yerinə çevrilib.

Ömrünün 20-ci qışında, 20 Yanvarda bu dünyaya əlvida dedi Ülvi Bünyadzadə. Amma bir xalqın azadlıq dolu sevgisinə qənim kəsilərək Bakıya girən rus əsgərləri neçə-neçə günahsız insanlardan biri kimi ona da rəhm etmədilər, lakin bir yolluq susdura bilmədilər.

Diqqətə çatdırılıb ki, Ülvinin ədəbi irsinə 200-dən çox şeiri, “Ömür yolu” poeması və “Qansızlar” povesti (hər iki əsəri Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələri (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisinə, dostlarına yazdığı məktublar və s. yazıları daxildir. Ölümündən 4 ay əvvəl yazdığı “And”ı isə yaşadığı ömrünün məzmunu, qayəsidir.

Sonra tədbir Ülvi Bünyadzadə həyat və yaradıcılığından bəhs edən məruzələrin dinlənilməsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə