Nazir Nasir Əbdüləziz Əl-Nasir ilə görüşüb FOTO

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda iştirak məqsədilə Nyu-Yorkda səfərdədir.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində nazir Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir ilə görüşüb. Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının dünya miqyasında həyata keçirdiyi fəaliyyətlər, xüsusilə Alyansın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünün və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olması barədə fikir mübadiləsi aparılıb.

Nasir Əbdüləziz Əl-Nasir ölkə rəhbərliyinin bu istiqamətdə təşəbbüslərini yüksək qiymətləndirdiyini, tərəfdaşlığın əhəmiyyətini, eləcə də 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun beynəlxalq səviyyədə müsbət əks-səda yaratdığını qeyd edib.

Nazir Əbülfəs Qarayev 2019-cu ildə ölkəmizdə keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığın başladığını və forumun işində BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə