“Əlillərə dəstək” adlı tədbir keçirilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Əlillər Günü münasibətilə “Əlillərə dəstək” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, kitabxananın direktor müavini Xalidə Musayeva tədbirin əhəmiyyətindən danışıb. O deyib ki, tədbirin təşkilində məqsəd cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Bu gün dövlət tərəfindən belə insanların sosial rifahının yüksəldilməsi, sosial təminatı istiqamətində mühüm addımlar atılır.

Kitabxananın direktoru Oruc Quliyev çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə böyük həssaslıqla yanaşmasından, dahi rəhbərin layiqli davamçısı, Prezident İlham Əliyevin əlillərin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamasından, əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmasından bəhs edib.

Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili, 38 nömrəli Gözdən Əlillər Musiqi Məktəbinin direktoru Əsab Əliyev tədbirin önəmindən, əlilliyi olan musiqiçilərin işlə təmin olunması məsələlərindən danışıblar.

Tədbir çərçivəsində hüquqşünas Camal Cabbarov əlillərin ali təhsil məktəblərində ödənişsiz təhsil almalarını, həmçinin əlillər üçün istirahət zonalarının artırılmasını təklif edib.

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin baş metodisti Samirə Cəlilova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin gənclər təşkilatının sədri Sənan İmanov, Respublika Gözdən Əlillər Kitabxanasının kitabxanaçısı Mahirə Şəmsiyeva və digərləri respublikada əlillərə göstərilən qayğı və diqqətdən söz açıblar.

Sonra qonaqlar əlil gənc aktyorların rol aldığı tamaşanın videoçarxını izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə