“Mədəniyyət və gənclik” mövzusunda konfrans keçirilib FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun işində iştirak edib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, nümayəndə heyətinə daxil olan mütəxəssislər Forum çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə təşkil olunan konfrans, sessiya, dəyirmi masa, təqdimatlar və diskussiyalara qatılıblar.

Forum çərçivəsində keçirilən “Mədəniyyət və gənclik” adlı konfrans və sessiyada Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov iştirak edib.

Tədbirdə nümayəndələr öz ölkələrinin mədəniyyət siyasəti, o cümlədən bədii təhsil, gənclər siyasəti ilə bağlı təqdimatlar edib, gənclərin layihələrinin ekspert təhlilini keçiriblər.

V.Baxışov “Azərbaycan Respublikasında bədii təhsil gənclər siyasəti kontekstində” mövzusu üzrə təqdimatla çıxış edib. O, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin istiqamətləri, bu sahədə qəbul olunan Dövlət Proqramları və Strategiyası, digər qanunvericilik aktları, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı və gerçəkləşən tədbirlər haqqında məlumat verib. Bundan başqa, sektor müdiri ölkəmizin bədii təhsil sistemi haqqında təqdimat edib.

Tədbirin təşkilatçıları Beynəlxalq Delfi Komitəsi, Rusiya Mədəniyyət İşçilərinin Yaradıcılıq İttifaqı və Sankt-Peterburq Gənclər Sarayıdır.

Sözügedən tədbirdə nazirliyin nümayəndə heyətinin üzvləri – Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbin direktoru Əziz Qarayusifli də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə