Azərbaycan nümayəndə heyəti Beynəlxalq Mədəniyyət Forumunda FOTOLAR

VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycandan mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, nümayəndə heyətinin üzvləri forumun sessiyalarında, müxtəlif toplantılarda iştirak edir, işgüzar görüşlər keçirir, əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova forum çərçivəsində “Muzeylər və kolleksiyaların əlçatanlığı”, “Mədəniyyətə sərmayələr”, “Muzeylər və qanun”, “Mədəniyyətdə brendlər: şəxsi brenddən ölkənin təqdimatınadək” sessiyalarında iştirak edib.

Xalça Muzeyinin direktoru həmçinin VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Sənətkarlıq konqresinin iclasına qatılıb. Burada Rusiya nümayəndəsi ilə Azərbaycanın gələn il konqresdə iştirakı məsələsi müzakirə edilib.

Şirin Məlikovanın Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyinin direktoru ilə görüşdə görüşündə 2019-2020-ci illər üzrə planlar müzakirə olunub. Qeyd edək ki, bu muzeylə Azərbaycan Xalça Muzeyi arasında əməkdaşlıq müqaviləsi var.

Moskva Biennalesinin direktoru ilə görüşdə isə Moskvanın bu məşhur sərgi meydançasında Azərbaycan Xalça Muzeyinin kolleksiyasından nümunələrin sərgisinin təşkili imkanları müzakirə olunub.

Forum çərçivəsində, noyabrın 15-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və İ.Repin adına Sankt-Peterburq Akademik Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi ADRA-nın rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov və İ.Repin adına institutun rektoru, Rusiya Rəssamlıq Akademiyasının akademiki Semyon Mixaylovski imzalayıblar. İmzalanma mərasimində Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets iştitak edib.

Qeyd edək ki, oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumunun fəxri qonağı olan Olqa Qolodets Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını ziyarət etmişdi. Qonağa 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılan akademiya haqqında ətraflı məlumat verilmişdi. Burada tədris prosesi, akademik təhsilin səviyyəsi ilə tanış olan O.Qolodets 18 illik fəaliyyət dövründə belə nəticələr əldə olunmasını yüksək qiymətləndirmiş və ADRA rəhbərliyini Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət etmişdi.

ADRA və Sankt-Peterburq Akademik Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu arasında əməkdaşlıq sazişi qarşılıqlı təcrübə mübadiləsi, tələbə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və digər məsələləri əhatə edir. Azərbaycan nümayəndə heyəti Repin adına institutu ziyarət edərək tədris ocağının fəaliyyəti ilə tanış olub.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Forumun müvafiq sessiyasında çıxışı zamanı rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan musiqi sənəti muğam və aşıq sənəti üzərində təşəkkül tapıb və 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Milli Konservatoriyasında bu istiqamətdə tədris, həmçinin tədqiqat işləri həyata keçirilir.

Vurğulanıb ki, qədim muğam sənəti Hindistandan İspaniyayadək geniş bir coğrafiyanı əhatə etməklə əsrlər boyu Azərbaycan sənətkarları tərəfindən yaşadılaraq inkişaf etdirilib. Eyni zamanda Altaylardan Türkiyəyədək böyük coğrafiyada yayılan, ümumtürk mədəni irsinin mühüm qolu olan aşıq sənəti Azərbaycan mədəniyyətinin zəngin səhifəsini təşkil edir. Ölkəmizdə hər iki sənətin inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Azərbaycan muğam sənəti və aşıq sənətimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Milli Konservatoriyanın rektoru həyata keçirdikləri beynəlxalq layihələr, Norveç, Yaponiya, Latın Amerikası ölkələri ilə birgə keçirilən musiqi layihələri, 2018-ci il iyulunda Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti – İSME-nin Bakıda keçirilən Dünya konfransı çərçivəsində təşkil olunan elmi sessiya barədə, eləcə də Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşməsi” laboratoriyası haqqımda məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Argentina, Belarus, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən təmsilçilər Milli Konservatoriyada təhsil almaq, distant təhsil imkanları ilə maraqlanıblar.

Azərbaycan nümayəndə heyəti Dövlət Ermitajı, Rus Muzeyi, Rusiya Etnoqrafiya Muzeyi, Mayakovski adına kitabxana, Sankt-Peterburqun digər tanınmış mədəniyyət məkanlarını ziyarət edib, Mariinski teatrında tamaşaya baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...