Nazir MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb FOTO

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Sankt-Peterburqa səfəri çərçivəsində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi Yuri Osipov ilə görüşüb. SİA-nın məlumatına görə, mədəniyyət naziri Əbülfəs Qarayev və Azərbaycan nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin şəhərdəki Qoroxova küçəsi, 6 saylı binanın fasadına vurulmuş barelyefinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Ulu Öndər 1949-1950-ci illərdə bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil alıb. Xatirə lövhəsinin açılışı 2013-cü il dekabrın 12-də keçirilib.

Tavriçeski sarayında Əbülfəs Qarayevlə Yuri Osipov arasında keçirilən görüşdə ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə inkişaf etdiyi vurğulanıb.

Yuri Osipov bildirib ki, Parlamentlərarası Assambleya Sankt-Peterburqda yerləşən yeganə beynəlxalq təşkilatdır. Assambleya tarixi binada yerləşir, Tavriçeski sarayı ötən əsrin əvvəlində Rusiya imperiyasının ilk Dövlət Dumasının binası olub.

Nazir Əbülfəs Qarayev ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, mədəniyyət sahəsində layihələrdə, təcrübə mübadiləsində xüsusilə maraqlı olduğunu diqqətə çatdırıb. Müasir kitabxana, mədəniyyət evləri, klublar, digər mədəniyyət obyektlərinin fəaliyyəti ilə bağlı ölkələrimizin keçmişdə oxşar təcrübəyə malik olduğunu deyən nazir, 2019-cu ilin MDB-də “Kitab İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə kitabxanaların müasirləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin gənc yazarların ümumi nəşrinin hazırlanıb çap edilməsi təklif olunub.

Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurası baş katibin müavini, Azərbaycan Milli Məclisinin təşkilatdakı nümayəndəsi Aydın Cəfərov da iştirak edib.

Azərbaycan nümayəndə heyəti üçün Tavriçeski sarayının tarixi ilə bağlı qısa ekskursiya da təşkil olunub.

Nazir Əbülfəs Qarayev Sankt-Peterburqda, həmçinin dünya şöhrətli “Ermitaj” muzeyini ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə