Ölkəmiz Çində beynəlxalq mədəni sənaye yarmarkasında təmsil olunur FOTOLAR

Çin Xalq Respublikasının (ÇXR) Xaynan əyalətinin Sanya şəhərində 3-cü Beynəlxalq Sanya Mədəni Sənaye Yarmarkası keçirilir. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, festivalda ölkəmizi təmsil etmək üçün Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Vüqar Şixəmmədovun rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri, xalq dekorativ-tətbiqi və təsviri sənət ustaları Çin Xalq Respublikasına ezam edilib.

Festivala Azərbaycanla yanaşı Rusiya, Nigeriya, Fransa, Ekvador, Xorvatiya, Cənubi Koreya, Tacikistan, Qırğızıstan, Belarus, Əfqanıstan, Nepal və digər ölkələr də qatılıb. Tədbir çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycanın ÇXR-dəki səfirliyi tərəfindən ölkəmizin stendi təşkil edilib.

Festivalın ilk günü Sanya şəhəri və tədbir haqqında təqdimat mərasimi keçirilib.

Noyabrın 15-də 3-cü Beynəlxalq Sanya Mədəni Sənaye Yarmarkasının rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycanın ÇXR-dəki səfiri Əkrəm Zeynallı çıxış edərək iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Mərasimdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin ifasında milli rəqs nümunələrimiz yerli sakinlərin və xarici qonaqların böyük marağına səbəb olub.

Daha sonra ölkələrin stendlərinə baxış keçirilib. Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, milli mətbəximiz, eləcə də “Böyük İpək Yolu” mədəni marşrutu ilə sıx bağlı olan, müasirliklə və tarixi irsin ahəngdar şəkildə birləşdiyi respublikamız haqqında məlumatların əks olunduğu kitablar nümayiş etdirilib. Stenddə qurulmuş ekranda ölkəmiz haqqında videoçarxlar nümayiş etdirilib. Xalq dekorativ tətbiqi sənət ustalarımızn hazırladıqları müxtəlif əl işləri yarmarka iştirakçılarının xüsusilə diqqətini cəlb edib. Ustalar tərəfindən milli əl işləri sənəti nümunələrinin hazırlanması interaktiv formada nümayiş olunub, stendin ziyarətçiləri üçün ustad dərsləri təşkil edilib.

Daha sonra stendin önündə Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri ifasında konsert proqramı təqdim edilib.

Azərbaycanın mədəni sənayesinin perspektivlərinin iştirakçılara daha aydın çatdırılması üçün hazırlanan təqdimat çıxışları və rəqs nümunələri böyük rəğbətlə qarşılanıb.

Tədbirin ikinci günü Mədəniyyət və İqtisadi Turizm Beynəlxalq Forumu keçirilib. Forumda müxtəlif ölkələrin diplomatik nümayəndələri, mədəniyyət, iqtisadiyyat və turizm üzrə dövlət orqanları, özəl şirkətlər, elmi müəssisələrin təmsilçiləri iştirak edib.

Forumda ölkəmizi Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Vüqar Şixəmmədov və Azərbaycanın ÇXR-dakı səfiri Əkrəm Zeynallı təmsil edib.

Tədbirdə çıxış edən V.Şixəmmədov mədəni sənaye mövzusunun aktuallığını vurğulayaraq belə bir beynəlxalq forumun keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, ölkəmizin tarixi, coğrafiyası, milli mədəni irsi barədə söz açaraq Azərbaycanın Böyük İpək Yolu üzərində əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizin 11 mədəni irs nümunəsi UNESCO-nun Qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilib. Azərbaycanın beynəlxalq mədəni marşrutlara daxil edilməsi üçün böyük perspektivləri var.

Tədbir kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...