Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında... FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar beynəlxalq əlaqələrin gücləndirilməsinə, digər xarici ölkə teatrları ilə təcrübə mübadiləsinə xüsusi önəm verir. Bu da heç şübhəsiz, truppanın yaradıcılıq imkanlarının güclənməsinə, eyni zamanda doğma şəhərimizin layiqli təbliğinə rəvac verir. Elə bu məqsədlə Gürcüstan Respublikasından gəlmiş qonaqların da niyyəti yaradıcılıq imkanlarını genişləndirməkdir.

SİA teatrdan verilən xəbərə görə, qonaqlar- Gürcüstan Respublikası Teatr Xadimləri Cəmiyətinin sədri, Gürcüstan Mədəniyyət nazirinin müşaviri Georgi Geqoçkori və Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze teatrın direktoru Əməkdar artist Mübariz Həmidovla görüşdükdən sonra truppa üzvləri və sənət ocağındakı şəraitlə tanış oldular. Məlumat üçün bildirək ki, Kutaisi Peşəkar Dram və Sumqayıt Dövlət Dram Teatrları rəhbərləri qarşılıqlı yaradıcılıq əlaqələri yaratmaq və onu inkişaf etdirmək məqsədi ilə memorondum imzalayıblar.

Əldə olunan razılığa və memorondumun şərtlərinə əsasən iki ölkə teatrları arasında mədəni yaradıcılıq əlaqələri ildə bir dəfə Sumqayıtda və Kutaisidə qastrol səfərləri, ümumi yaradıcılıq layihələrinin gerçəkləşdirilməsi, rejissor mübadiləsi və müştərək tamaşaların hazırlanması nəzərdə tutulur.

Müqaviləni Dumqayıt Dövlət Dram Teatrı adından teatrın direktoru Mübariz Həmidov, Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrı adından teatrın bədii rəhbəri Konstantin Abaşidze imzalayıb.

Daha sonra Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Peşəkar Dram Teatrı arasında perspektiv yaradıcılıq əlaqələri haqda geniş müzakirə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə