Hüseyn Cavidin ev muzeyi yeni eksponatlarla zənginləşib

Naxçıvan Muxtar Respublikasında elmin, mədəniyyətin inkişafına, mədəniyyət müəssisələrinin yaradılmasına, onların maddi-texniki bazalarının möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı göstərilir. Bu gün muxtar respublikamızda 30-dan artıq muzey fəaliyyət göstərir. Onlardan biri də Hüseyn Cavidin ev-muzeyidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci il iyulun 21-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin ev muzeylərinin yaradılması haqqında qərarından sonra Naxçıvanda ədibin ev-muzeyi yaradılmış, 1984-cü il iyunun 9-da muzeyin rəsmi açılışı olmuşdur.

Hüseyn Cavidin ev-muzeyi 6 otaqdan ibarətdir. Otaqların hər biri böyük dramaturqun həyatının ayrı-ayrı dövrlərini əks etdirir. Yarandığı dövrdə 300 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 9 mindən artıq eksponat var. Bu eksponatların 500-dən çoxu ekspozisiyada nümayiş olunur. Ekspozisiyaya daxil olan əsas eksponatlar şairin yaradıcılığının məhsulu olan və müxtəlif dövrlərdə çap olunmuş əsərləri, xatirə əşyaları, təsviri sənət və heykəltəraşlıq əsərləridir.

Muzeydə Hüseyn Cavidin özü ilə yanaşı, ailə üzvlərinin irsi də ayrı-ayrılıqda öyrənilir və təbliğ olunur. Burada şairin oğlu Ərtoğrol Cavidə, qızı Turan Cavidə və qardaşı Şeyx Məhəmməd Rasizadəyə məxsus sənədlər, xatirə əşyaları və fotoşəkillər də xüsusi rəflərdə saxlanılır.

Son dövrlərdə muzeyin fonduna daxil olan yeni eksponatlar fondu daha da zənginləşdirmişdir. Hüseyn Cavidin İstanbulda ilk dəfə nəşr olunmuş “Seçilmiş əsərləri”, Turan Cavidə məxsus stolüstü saat, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın “Xatirələr” əsəri, Ərtoğrol Cavidin musiqi əsərləri, ingilis dilində nəşr olunmuş “Cavid hikməti: Seçmə aforizmlər” kitabı, Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid. Mühiti və müasirləri” kitabı, Yusif Aslanovun “Cavidin söz dünyası kitabı”, Sona Vəliyevanın “Hüseyn Cavid. Vətənə qayıdış” kitabı və “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomu, şairin İranda nəşr olunan “Şeyx Sənan”, “Peyğəmbər “ və “Maral “ əsərləri, Həbibə Allahverdiyevanın kətan üzərində çəkdiyi “Hüseyn Cavidin portreti” və Qəhrəman Tağıyevin kətan üzərində çəkdiyi “Hüseyn Cavidin məqbərəsi” adlı əsərlər son dövrlərdə muzeyə hədiyyə edilən yeni eksponatlardandır.

Məlumat üçün onu da bildirək ki, hazırda AMEA Naxçıvan Bölməsində “Hüseyn Cavid ensiklopediyası” nəşrə hazırlanır. Nəşrin hazırlanmasında şairin Bakı şəhərindəki ev muzeyi ilə yanaşı, Naxçıvan şəhərindəki ev-muzeyinin fondundan da istifadə olunur.

Naibə MİRZƏYEVA,

Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksinin baş fond mühafizi

Bütün xəbərlər Facebook səhifəmizdə