Zərgərlik məmulatları təqdim edib FOTOLAR

“Nizami Mall”da keçirilən qeyri-adi sərgidə Məmmədzadə ailəsi incə və şəffaf ipək üzərində işlənmiş naxışlardan ibarət 70 bədii kalliqrafiya əsəri, həmçinin zərgərlik məmulatları təqdim edib.

SİA-nın məlumatına görə, sərgini açan Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev qeyd edib ki, bu, Tünzalə və Türkan bacılarının, habelə onların qardaşı Elmarın Azərbaycan tətbiqi sənətində yeni səhifə açacaq ilk sərgisidir. Məmmədzadə ailəsi özünün unikal ipəyi ilə məşhur olan Şəkidəndir.

Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev Tünzalə Məmmədzadənin əl işlərindən bəhs edib və xatırladıb ki, bu istedadlı xanım Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu və Mərmərə Universitetinin doktorantıdır.

Ailənin təqdim etdiyi zərgərlik məmulatları, habelə Elmar Məmmədzadənin əl işi olan çərçivəyə çəkilmiş və üzərində qızılı hərflərlə Quran ayəsi işlənmiş ipək parça sərgiyə gələnlərin böyük marağına səbəb olub.

Sonda Tünzalə Məmmədova ailəsi adından sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə