MEMM-in rəhbəri Sankt-Peterburqda görüşlər keçirib

Sankt-Peterburq şəhərində təşkil olunan VII Beynəlxalq Mədəni Forumunda eyni zamanda mədəniyyət sahəsində ixtisaslaşmış rəsmi dövlət qurumlarının rəhbərləri, mədəniyyət menecerləri, alim və mütəxəssislər iştirak edir. SİA-nın verdiyi məlumata görə, Forum çərçivəsində təşkil olunmuş bir neçə tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev iştirak edib.

A.Usubəliyevin forum çərçivəsində təşkil edilən panellərdən birinin sahibi olan Mədəni Proqramlar İnstitutunun rəhbərliyi ilə görüşü keçirilib. Görüş zamanı iki müəssisə arasında əməkdaşlıq perspektivləri müzakirə edilmiş və əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə edilib. Gələcək əməkdaşlığın prioritet istiqamətlərindən biri mədəniyyət sahəsində çalışan mütəxəssislər üçün müxtəlif təyinatlı təlimlərin keçirilməsidir. Belə ki, mövcud istiqamətlərdə görülmüş işlər barəsində geniş məlumat verilib və faydalı ola biləcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Rusiyanın Mədəni Proqramlar İnstitutunun rəhbəri Yelena Smirnova əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bildirib. Aparılmış danışıqlar nəticəsində müəyyən olunub ki, əməkdaşlıq əsasən metodiki vəsaitlərin və tədris proqramlarının hazırlanması habelə birgə beynəlxalq təlimlərin keçirilməsi kimi sahələri əhatə edəcəkdir.

Mədəni Proqramlar İnstitutunun rəhbərliyi eyni zamanda mədəniyyət üzrə ixtisaslaşmış təlimçilər üçün də xüsusi tədris proqramlarının hazırlanmasında maraqlı olduqlarını bildirib.

Birgə keçirilməsi nəzərdə tutulan təlimlər muzey, teatr, kitabxana, mədəniyyət evləri habelə mədəniyyət idarələrinin rəhbərləri üçün müasir mədəniyyət menecmenti mövzusunu əhatə edəcək ixtisaslaşmış proqramları əhatə edəcəkdir. Əməkdaşlıq çərçivəsində təcrübə ezamiyyələrinin də təşkili də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə