Nazirin rəhbərliyi ilə nümayəndə heyəti VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdədir.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, “Ermitaj” muzeyində baş tutan forumun rəsmi açılış mərasimində çıxış edən Rusiya Federasiyası hökümət sədrinin müavini Olqa Qolodets bildirib ki, ilk dəfə keçirildiyində 70 nəfərin iştirak etdiyi foruma bu il 35 000-dən artıq fərdi iştirakçı və 100-dən artıq ölkə qatılıb onlar 14 sessiya üzrə müzakirələrdə iştirak edəcəklər. Açılış nitqi ilə həmçinin, Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy, Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Beqlov, habelə forumun “iştirakçı ölkə”si statusunda olan Qətərin mədəniyyət naziri və İtaliyanın Rusiya Federasiyasındakı səfirləri də çıxış ediblər.

Daha sonra tədbir öz işinə müxtəlif sessiyalarla davam edib.

Forum çərçivəsində nazir Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirib.

Bolqarıstan mədəniyyət naziri Boil Banov ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsi üçün perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Macarıstanın mədəniyyət üzrə dövlət katibi xanım Orşoa Paçai Tomaşiç ilə keçirilən görüşdə Azərbaycanın Macarıstanın elm və mədəniyyət xadimlərinin dərin maraq dairəsində olduğu vurğulanıb. Xalqlarımızın tarixən yaxın köklərlə bağlı olduğunu bildirən dövlət katibi, habelə görüşdə iştirak edən macar tədqiqatçılar Azərbaycan ilə birgə arxeoloji tədqiqatlar aparmaq arzusunda olduqlarını bildiriblər. Öz növbəsində nazir Ə.Qarayev ölkəmizdə bu sahədə mövcud təcrübədən bəhs edərək layihənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirilməsi üçün geniş imkanlar olduğunu qeyd edib.

Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin rektoru Vladimir Sergeyeviç ilə keçirilmiş görüşdə adıçəkilən təhsil müəssisəsində azərbaycanlı tələbələrin təhsili üçün şərait yaradılması razılaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə