“Euronews” telekanalı V Bakı Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlayıb

“Euronews” telekanalı V Bakı Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlayıb. SİA-nın məlumatına görə, süjetdə konfransın əsas mövzusunun “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” olduğu bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycanın paytaxtında keçirilən bu festivalda 40 ölkədən 130-dan çox teatr əməkdaşı təcrübə mübadiləsi və teatrın gələcəyini müzakirə etmək üçün müxtəlif konfranslarda, təlimlərdə və seminarlarda iştirak edib.

Süjetdə o da bildirilir ki, konfransın məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrın imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır. Konfransın təşkilatçıları da teatrın insanların sosial və mədəni həyatındakı əhəmiyyətli yerə sahib olduğunu qeyd edərək, müxtəlif sosial təbəqələrdən olan fərqli mədəniyyətlərə sahib insanlar arasında sərhədləri aşmaq və əlaqələr qurmaq baxımından belə festivalların əhəmiyyətini yüksək qiymətləndiriblər. Süjetdə dünyanın ən tanınmış teatr nümayəndələrinin Bakı səhnəsində öz maraqlı perfomanslarını təqdim etdiyi də bildirilir.

Konfransın çox faydalı olduğu qeyd edilən süjetin sonunda diqqətə çatdırılır ki, Bakıdakı müzakirələr iştirakçılara yeni yaradıcılıq istiqamətləri verib.

Bütün xəbərlər Facebook səhifəmizdə