“Kitabsevər uşaqlar” layihəsi çərçivəsində növbəti treninq

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, habelə Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Facebook” səhifəsi və “Youtube” kanalında fəaliyyət göstərən “Kitabsevər uşaqlar” layihələrinə dair növbəti treninqə start verilib. Treninqdə Şəki, Gəncə, Qax, Ağcabədi, Göyçay, Səbail, Zərdab, Quba, Ucar, Astara, Ağdaş, Nəsimi, Qusar, Binəqədi, Nərimanov, Yasamal və Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları iştirak edirlər.

SİA-nın məlumatına görə, beş gün davam edəcək treninqdə “Corel Draw” proqramında iş, “Kitabxanalarda tətbiq olunan müasir innovativ layihələr”, “AZLİBNET-ə düzgün ədəbiyyatın seçilməsi, təhlükəsizlik məsələləri, müəllif hüquqları”, “ALİSA proqramı, kitab və dövri mətbuatın proqrama daxil edilməsi, oxucuların qeydiyyatı”, “Türkdilli dövlətlərdə müasir kitabxana xidməti” və “Elektron kitablar, audio kitablar, onların seçilməsi, üzərində əməliyyatların aparılması” mövzularında məruzələr dinləniləcək.

Treninqin sonuncu günü iştirakçılara sertifikatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə