Xətai Sənət Mərkəzi rəsm müsabiqəsinin vaxtını uzadıb

Xətai Sənət Mərkəzində elan olunan “Azərbaycan təsviri sənətində qrafika, dünən və bu gün” adlı respublika rəsm müsabiqəsinin vaxtı uzadılıb.

Xətai Sənət Mərkəzindən SİA-ya bildirilib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan müsabiqəyə sənət əsərlərinin qəbulu noyabrın 30-da başa çatmalı idi. Lakin təşkilatçılar əsərlərin qəbuluna əlavə 17 gün vaxt ayırıb.

Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam təqdim etdiyi əsərin fotosu ilə bərabər, ad və soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru elektron ünvanına göndərməlidir. Müsabiqənin məqsədi qrafikanın müasir Azərbaycan incəsənətində rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaqdır. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin yekun sərgisi - Xətai Sənət Mərkəzində açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə