BƏƏ-də “Abu Dhabi Art” incəsənət festivalı keçiriləcək

Noyabrın 14-17-də Birləşmiş Ərəb Əmirliklərində “Abu Dhabi Art” X illik incəsənət festivalı keçiriləcək. Festival günlərində Əbu-Dabidə, “Manarat Al Saadiyat” mədəniyyət mərkəzində dünyanın hər yerindən qalereya işçiləri, rəssamlar, kolleksiyaçılar, kuratorlar, muzey direktorları və tənqidçilər toplaşacaqlar.

SİA-nın məlumatına görə, tədbirdə Avropa, Asiya, Şimali Amerika və Yaxın Şərqin 19 ölkəsindən 43 yaxşı tanınan və yeni qalereya iştirak edəcək. Qalereyalar son əlli ilin məşhur rəssamlarının əsərlərini təqdim edəcəklər. Bu il iştirak etmək üçün festivala qayıdan qalereyalar arasında ATHR (Ciddə), “Ceysson & Bénétière” (Paris), “Galleria Continua” (San-Ciminyano, Pekin, Le Mulins, Havana), “Giorgio Persano” (Turin) və “Hanart TZ Gallery” (Honkonq) qalereyalarının adlarını çəkmək olar. “Galerie Mitterand” (Paris), “Galerie Isa” (Mumbai) və “Plutschow Gallery” (Sürix) festivala yenicə qatılan qalereyalardır.

“Abu Dhabi Art”ın direktoru Dyala Nuseybeh deyib: “Son on ildə festival istər bizə yaxşı tanış olan, istərsə də müasir dövrün yeni rəssamlarını təqdim edən innovativ sərgiyə çevrilib. Geri dönən qalereyalarımızın uzunmüddətli öhdəlikləri sayəsində şəxsi kolleksiyaçıların satışlarının xeyli artdığını qeyd etmək lazımdır. Biz yeni iştirakçıları da salamlamağa şadıq və onları bu dinamik prosesə cəlb etmək istərdik. Festival genişlənərək ənənəvi sərgidən çoxillik proqramlar, o cümlədən bütün il ərzində ayrı-ayrı qalereyaların sərgilərini təklif edən daimi platformaya çevrilib. Bütün bunlar BƏƏ-də incəsənət adamları cəmiyyətinin çiçəkləndiyini və dinamik inkişaf etdiyini göstərir ki, bu da qısa bir müddətdə qlobal foruma çevrilən “Abu Dhabi Art” festivalına əlverişli zəmin yaradır”.

“Abu Dhabi Art” festivalında “Sosial layihələr” kateqoriyası da bərpa olunacaq. İştirakçı qalereyalar öz diqqətlərini bir və ya iki rəssamın təqdimatının təşkili üzərində cəmləşdirəcəklər.

Bundan əlavə, “Abu Dhabi Art” festivalı çərçivəsində incəsənətin bütün dünyanı dolaşması, yeni bədii bazarı olan ölkələr üçün qlobal və lokal perspektivlər barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, “Abu Dhabi Art” ictimaiyyətin iştirakını nəzərdə tutan müxtəlif proqramlara, o cümlədən il ərzində müxtəlif yerlərdə təşkil edilən bədii installyasiyalara, sərgilərə, söhbətlərə, tədbirlərə xüsusi diqqət yetirməklə, ənənəvi incəsənət festivalı çərçivəsini aşıb. Noyabr ayında keçiriləcək “Abu Dhabi Art” bu çoxillik proqramın zirvə nöqtəsidir. Bu hadisə festivalda iştirak edən qalereyalar üçün mühüm ticarət platformasını təmin etməklə bərabər, həmin qalereyalara öz rəssamlarının iddialı installyasiyalarını və əsərlərini 20 mindən çox tamaşaçısı olan auditoriyaya nümayiş etdirmək imkanı təklif edir.

Bütün xəbərlər Facebook səhifəmizdə