Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının “Yaradanlar və yaşadanlar” verilişinin növbəti konserti tanınmış xanəndə, Xalq artisti Baba Mahmudoğlunun həyat və yaradıcılığına həsr edilib. SİA-nın məlumatına görə, konsert Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə əvvəlcə görkəmli sənətkarın yaradıcılığına həsr edilmiş videomaterial nümayiş olunub.

Xalq artisti Səkinə İsmayılova, Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev, Əməkdar artist Rəşad İlyasov və başqaları Baba Mahmudoğlunun həyat və səhnə fəaliyyətindən söhbət açıblar.

Bildirilib ki, B.Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına musiqi məktəbində muğamları öyrənib.

O, sonralar Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyada vaxtaşırı çıxış edib. Həmçinin Əhməd Bakıxanovun, Baba Salahovun, Əhsən Dadaşovun ansamblı ilə ekranda görünməyə başlayıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təcrübə keçən B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. “Leyli və Məcnun”da Məcnun, “Aşıq Qərib”də Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm, “Koroğlu”da təlxək, “Şah İsmayıl”da Şah İsmayıl, “Xanəndənin taleyi”ndə Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə Xalq artisti fəxri adı alıb. Sənətkar sağlığında özünün “Dastan” ansamblını yaradaraq bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini layiqincə təbliğ edib.

Tədbirdə “Səadət” instrumental ansamblının (bədii rəhbəri Xalq artisti Ağacəbrayıl Abasəliyevdir) müşayiəti ilə gənc muğam ifaçıları Baba Mahmudoğlunun vaxtilə oxuduğu mahnıları səsləndiriblər.

Sonda xanəndənin qardaşı Arif Mahmudoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB