Xızıda “Yarımçıq xatirələr” filmi nümayiş olunub

Azərbaycan Respublikası Prezidentinin 31.01.2018-ci il tarixli Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə cari ilin 13 noyabr tarixində Xızı rayonunun Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsinə həsr olunmuş “Yarımçıq Xatirələr” filminin nümayişi keçirilmiş, sonra isə gənc mədəniyyət işçiləri arasında mövzuya dair müzakirə baş tutmuşdur.

Qeyd edək ki, 2015 – ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev,prodüsseri Müşfiq Hətəmov, bəstəkarı Polad Bülbüloğludur. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.

Filmin nümayişinə qatılan Xızı rayon mədəniyyət işçiləri daha sonra təşkil edilən müzakirələrdə Azərbaycan kino sənətinin uğurları, müasir kinematoqrafların Qarabağ mövzusuna və ümumilikdə vətənpərvərlik mövzusuna daha çox müraciət etməli olduqlarının vacibliyindən danışdılar.

Sözügedən filmdə rol almış aktyor, rejissor və ssenarist Rza Rzayev bildirdi ki, Kino cəmiyyətin ideoloji istiqamətini müəyyənləşdirən institutdur. O qeyd etdi ki, dövlətin məqsədlərini həyata keçirmək üçün kino ən unikal meyarlardan biridir və Azərbaycan Dövləti kinoya xüsusi qayğı göstərən ölkələrdən biridir.

Qeyd edək ki, Rza Rzayev Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyənin Beykənt Universitetində Cinema ixtisası üzrə magistratura təhsili almışdır.

Tədbirdə iştirak edən Mərkəzin əməkdaşları Cavid Əliyev, Məzahir Qarayev, Nurəddin Babazadə və Hikmət Nəbiyev film və Azərbaycan kinemotoqrafiyası haqqında fikir mübadiləsi aparmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə