Noyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialında Azərbaycan aşıq poeziyasının tanınmış simalarından olan Aşıq Şəmşirin 125 illiyinə həsr edilən “Aşıq sənətinin Dədə Şəmşiri” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə aşığın yaradıcılığından, Azərbaycan aşıq poeziyasındakı mövqeyindən söhbət açılıb.

Filialın müdiri Vəsilə Məmmədova XX əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış simalarından biri Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini bildirib.

Tədbirdə şair-publisist Zərəngiz Dəmirçi, Aşıqlar birliyinin üzvü aşıq Ramiz Quliyev, müəllim Şahbaz Eyyubov və başqaları aşığın həyat və yaradıcılığından danışaraq ümummilli lider Heydər Əliyevin ustad aşıq Dədə Şəmşirin sənətinə yüksək qiymət verdiyini, onun haqqında söylədiyi fikirləri xatırladıblar: “Qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır...”.

Bildirilib ki, Aşıq Şəmşir 1893-cü il martın 15-də Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya göz açıb. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el şənliklərində tanınmağa başlayıb. Dövrünün görkəmli aşığı Aşıq Ələsgərdən çox şey görüb-götürən Aşıq Şəmşir şifahi xalq ədəbiyyatımızın dərin bilicisi, mahir dastan ifaçısı olmaqla yanaşı, bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəlliklərini, Vətən sevgisini, torpağa, yurda məhəbbətini tərənnüm edib.

Vurğulanıb ki, Aşıq Şəmşirin xidmətləri dövlət tərəfindən hər zaman layiqincə qiymətləndirilib.

Tədbirdə Zəngilan musiqi məktəbinin, Kəlbəcər rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 84 və 75 nömrəli orta məktəblərinin şagirdləri Aşıq Şəmşirin şeirlərini sazın müşayiəti ilə ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə