Azərbaycan və Udmurtiya respublikaları arasında mədəni əlaqələr genişlənir FOTOLAR

Rusiya Federasiyasının Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində bu ölkənin Milli Kitabxanasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda ölkəmizi Bakı şəhəri Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin sədri, “ELNİT” Beynəlxalq Kitabxana Assosiasiyasının İdarə Heyətinin üzvü Lətifə Məmmədova təmsil edib.

Konfransda L.Məmmədovanın “Müasir kitabxanalar: rəqəmsal zamanın problemlərinə cavab” adlı məruzəsi dinlənilib. Həmyerlimiz respublikamızda kitabxana və informasiya sahəsinə dövlət qayğısından, ölkədə əsrlərlə formalaşıb inkişaf etmiş multikultural, tolerant mühitə xüsusi diqqətdən danışıb.

Tədbirdə kitabxana fəaliyyətinin digər aktual məsələləri də müzakirə olunub. Müzakirə olunam məsələlər sırasında beynəlxalq əməkdaşlıq və beynəlxalq kitab mübadiləsi məsələləri ön plana çəkilib.

Konfransın sonuncu günü “Gənclər kitabxana işində” adlı ikinci Respublika Forumu da keçirilib.

Konfrans çərçivəsində qonaqlar böyük rus bəstəkarı P.İ.Çaykovskinin Votkinskdəki ev-muzeyini, Buranova kəndində isə Bakıda keçirilən “Eurovision - 2012” müsabiqəsində Rusiyanı təmsil edən “Buranov babuşkaları”nın qonağı olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə