İkinci Çay, çəltik və sitrus festivalı keçirilib FOTOLAR

Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında ikinci Çay, çəltik və sitrus festivalı keçirilib. SİA-nın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Rafiq Bayramov, dövlət və hökumət rəsmiləri, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Llider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Sonra qonaqlar Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Lənkəranın düyüsü - dillər əzbəri”, “Qonaq evin ruzi-bərəkətini artırar” adlı pavilyonlarla və digər stendlərlə tanış olublar.

Rayonda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri, yerli təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət bayram süfrəsi qonaqların xüsusi marağına səbəb olub.

Tədbir iştirakçılarına yüksəkkeyfiyyətli yerli düyü sortlarından - “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamı - ləvəngi və digər milli xörəklər təqdim edilib.

Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları ikinci dəfə keçirilən Çay, çəltik və sitrus festivalı münasibətilə təbrik edib. Qızıl payız günündə rayon sakinlərinin bahar ovqatı yaşadıqlarını vurğulayan T.Qaraşov birinci festivaldan ötən müddətdə Lənkəranda bütün sahələrdə böyük nailiyyətlərin qazanıldığını bildirib. Diqqətə çatdırılıb ki, çay, çəltik və sitrus meyvələri istehsalının artırılmasına dair Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində respublika müşavirəsi keçirilib və bu müşavirənin nəticəsi olaraq müvafiq Dövlət Proqramı qəbul edilib. Bütün bunlar həmin sahələrdə əsaslı dönüşün başlanğıcını qoyub.

Bayram tədbirində aqrar bölmədə uğur qazanmış fermer və məhsul istehsalçılarının bir qrupu fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Festival çərçivəsində şəhərin mərkəzi meydanında satış-sərgi də təşkil olunub.

Axşamadək davam edən tədbirdə bədii özfəaliyyət kollektivləri rəngarəng, ədəbi-bədii kompozisiyalarla çıxış edib, əyləncəli və musiqili proqramlar təqdim olunub.

Festival respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə