"Bəni öldürsələr də bən yaşarım, tərk edib xəlqi xaliqə qoşarım"

Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan filosof-şair və istedadlı dramaturq Hüseyn Cavid ictimai fikir tarixində böyük rol oynamışdır. Hələ sağlığında öz orijinal sənət yolu ilə milli ədəbi-ictimai fikrin diqqətini yaradıcılığına cəlb etmiş Cavid irsi günahsız yerə repressiya olunduqdan sonra, bir müddət yasaq edilsə də, əsl vətənpərvər ziyalıların xatirindən bir an da çıxmamış, yeri gəldikcə, şifahi şəkildə olsa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər kimi, Hüseyn Cavid də zamanın sınağından alnıaçıq çıxaraq, layiq olduğu bəraəti almışdır.

Xalqımızın bir çox klassik sənətkarı kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin əsl qiymətini sözün-sənətin böyük bilicisi və hamisi Azərbaycan xalqının böyük Oğlu, Ümummilli Lider Heydər Əliyev vermiş, onun istər cismən, istərsə də mənən vətəninə və xalqına qaytarılmasında müstəsna rol oynamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə Uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından, müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir. Ulu Öndər Heydər Əliyev deyirdi: " Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi".

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana - şairin doğma yurdu Naxçıvana gətirilməsi Sovet məkanında yaşadığımız illərdə, həqiqətən də, böyük maraq doğurmuşdu. Milli mədəniyyətimizin hərtərəfli inkişafına, yüksəlişinə daim təkan verən Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci Katibi vəzifəsində çalışarkən, 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etmiş, bu qərardan sonra - 1982-ci il oktyabrın 3-də Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının Uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua vermişdir. 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etmiş və bu qərarın icrası rusiyalı həmkarlarının köməyindən istifadə edərək şairin məşəqqətli ömür yolunu tədqiq edərək, Cavid haqqında Uzaq Sibirdə saxlanılan sənədlərin əldə olunmasına nail olan Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunmuşdu.

Cavidin cənazəsinin qalıqları onilliklərdən sonra uzaq və buzlu Sibirin əlçatmaz yerlərindən doğma yurdu Naxçıvana gətirildi.

Böyük dramaturqun doğum günüdə onun keçdiyi ömür yolunu bir daha vərəqləyirik. Böyük dramaturq Hüseyn Cavid 1882-ci ildə oktyabrın 24-də Naxçıvanda ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini isə M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub və yazı ədası forma yeniliyi baxımından, Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdır. Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş və işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdır. Ötən əsrin 20-30-cu illərində Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə və tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Ümummilli Lider Heydər Əliyevin "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" imzaladığı Sərəncamdan bir gün sonra 2002-ci il 24 oktyabrda, yəni Hüseyn Cavidin 120 illik yubileyi günündə şairin Ev Muzeyi açıldı. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, böyük sənətkarın əsərləri latın qrafikasında çap olunub. Hüseyn Cavidin 130 və 135 illik yubileylərinin keçirilməsi haqqında dövlət başçısı sərəncamlar imzalamışdır. Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır. Böyük dramaturq Hüseyn Cavid "Şeyx Sənan" faciəsində yaratdığı dramatik münaqişə vasitəsilə insanın həqiqət axtarışında olaraq, onun hisslərinin aliliyini yüksəltmək səyləri ilə ucala biləcəyinin mümkünlüyünü isbat etmişdir. Hüseyn Cavid də, məhz belə ali dəyərlərin axtarışında olaraq, əbdiliyini qazanmışdır. Əsərdə qəhrəmanı Sənanın dilindən deyilmiş aşağıdakı misralarda sanki dlramaturqun həyatı nəzmə çəkilmişdir:

Bəni öldürsələr də bən yaşarım,

Tərk edib xəlqi xaliqə qoşarım.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...