Bakı Forumunda 86 ölkə və 24 mötəbər beynəlxalq təşkilat iştirak edəcək

Ölkəmiz bu günlərdə dünya miqyaslı daha bir mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forumu keçiriləcək. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, oktyabrın 22-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə Forumla bağlı həyata keçiriləcək təşkilati işlər müzakirə olunub.

Tədbirdə çıxış edən nazir ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəsinin olduğunu vurğulayıb. Qeyd edib ki, VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirildiyi bir vaxtda ölkəmizdə bir neçə digər böyük tədbirlər də olacaq. Bildirib ki, Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Nazir deyib ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkəni və 24 mötəbər beynəlxalq təşkilatı təmsil edən qonaqların iştirakı nəzərdə tutulur. Forumda həmçinin 160 nəfərdən çox yüksək səviyyəli qonaq iştirak edəcək.

Ə.Qarayev beynəlxalq tədbirin təşkili ilə bağlı danışaraq söyləyib ki, Forumun keçirilməsi işində iştirak edən hər bir dövlət orqanı öz hazırlıqlarını yekunlaşdırıb: “Artıq xarici ölkələrdən qonaqlarımız gəlməyə başlayıb. Bu işçi iclası keçirməyimizdə əsas məqsəd də qonaqların yerləşdirilməsindən tutmuş, tədbirlərdə iştirakını yüksək səviyyədə təmin etmək üçün qarşımızda duran məsələləri müzakirə etməkdir. Hər bir şəxs üzərinə düşən tapşırıqları layiqincə həyata keçirməlidir”.

İclasda, həmçinin Forum iştirakçılarının asudə vaxtlarının təşkili, mədəni proqramlarda iştirakı, Bakı şəhəri ilə tanışlıq kimi məsələlərə də toxunulub. Ölkəmizin bu günə qədər çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan nazir Forumun da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Sonda nazir VI Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...