Altımış il səhnədə (Portret cizgiləri)

Tariel Qasımov: “Yaxşı əməllər elə uca olur ki, hər yerdən görünür”

Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Tariel Qasımovla iki gün Qazax və Ağstafa rayonlarında olanda orada yaşayan insanların Xalq aristimizə necə böyük sevgisinin, hörmətinin bir daha şahidi oldum. Üumiyyətlə mən dəfələrlə Tariel müəllimlə yol yoldaşı olub, məmləkətimizin ayrı-ayrı bölgələrinə gedəndə və eləcə də Bakı şəhərində tamaşaçıların həmişə ona böyük sevgisinin şahidi olmuşam. Hətta cavan oğlanların və qızların onunla şəkil çəkdirməsini, aftoqraf almasını da dəfələrlə görmüşəm. Deməli, həyatının 60 ilini Azərbaycan səhəsinə və kinosuna xidmət edən, bir vaxtlar təkcə SSRİ-də yox, həm də bir sıra xarici ölkələrin Kino- Studiyasında filmlərə çəkilən, bir-birindən maraqlı obrazlar qalereyası yaradan böyük sənətkar ömrünü boş yerə sərf etməyib. O, fəxr eləyə bilər ki, sağlığında böyük sevgi qazanmaqla, bundan sonra da Azərbaycan teatr və kino tariximizdə əbədi yaşayacaq.

Qazaxdan qayıdanda biz onunla çox söhbət etdik. Onu da vurğulayım ki, Tariel Qasımov çox maraqlı yol yoldaşıdır. Onunla yol gedən adam heç vaxt yorulmur. Çünki Tariel müəllim təkcə aktyor, rejissor, teatr təşkilatçısı deyil, həm də maraqlı şairdir. Onun çoxlu şerirləri və ulu öndərimiz Heydər Əliyevə həsr olunan “İnam” adlı poeması var. Azərbaycanın kino və televiziya rejissorları bu poemanı səhnələşdirib lentə alsalar Ulu Öndərlə bağlı çox maraqlı bir sənət əsəri yarada bilərlər. Mən onunla yol boyu elədiyim söhbəti fürsətdən istifadə edib, diktafona yazdım. Çünki mənə elə gəlir ki, ömrünün ən müdrik çağını yaşayan Tariel Qasımovla hər bir söhbət lentə alınmalı və gələcək nəsillər üçün saxlanılmalıdır. Axı biz, çoxlu məşhur sənətkarlarımızla bağlı lazım olan məlumatları yazmamışıq və bu gün də onlar haqqında məlumatımız çox azdır. Amma dünyanın ən aparıcı millətləri özlərinin məşhur insanları haqqında, hətta ailə-məişət məsəllərindən tutmuş, onun bütün yaradıcılıq fəaliyyətini çəkib, gələcək nəsillərçün saxlayırlar. Bax budur millətin böyüklüyü və sənətkarını sevməsi, onu yüksək qiymətləndirməsi.

İlk öncə oxuculara bir daha onun haqqında qısa məlumat vermək istəyirəm.

Qısa arayış: Tariel İsgəndər oğlu Qasımov 1939-cu ilin fevral ayının 4-də Ağstafa rayonunun Köçəsgər kəndində ziyalı anadan olub. Atası İsgəndər kişi rayonun sayılıb-seçilən ağsaqqallarından biri olmaqla uzun illər kənddəki kolxoza rəhbərlik edib. Hətta bir vaxtlar Azərbaycanın məşhur kinofilmlərindən olan “Böyük dayaq” kinofilmi məhz onun rəhbərlik etdiyi kolxozda çəkilib. Çünki həmin vaxtı İsgəndər kişinin rəhbərlik etdiyi həmin kolxoz Azərbaycanda ən məşhur təsərrüfatlardan biri sayılırdı. Kinofilmdəki Ələsgər Ələkbərovun oynadığı Rüstəm kişinin xarakterindəki çoxlu cizgilər məhz İsgəndər kişidə də olub. Uşaq yaşlarında rəsm əsərləri çəkən Tariel, həm də idmanla ciddi məşğul olurdu. O, atasının arzusu ilə Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. Amma 3-cü kursda oxuyan vaxt teatr onu necə cəlb eləyibsə, həmin institutdan çıxıb və Teatr İnstitutuna daxil olub. Bu hərəkətinə görə hətta atası onu 10 il danışdırmayıb. Teatra və incəsənətə də maraq Tarieldə hələ lap uşaq yaşlarından yaranıb. Çünki həmin vaxtlar Bakıdan Qazax bölgəsinə qastrol səfərlərinə gedən məşhur aktyorlar, müğənnilər həmişə İsgəndər kişinin qonağı olub, onun evində bir qismət çörək kəsib və maraqlı söhbətlər edib, mahnılar oxuyublar. Bütün bu ecazkar, nağılvari aləm də balaca Tarielin qəlbində özünə yuva qurub. Hətta həmin vaxtlar məşhur aktyor Oleq Strejenovun baş rolda oynadığı “Ovod” kinofilmi onların kəndində göstərilən vaxt Artur rolu Tarielin elə bil ki, dünyasını tam dəyişib. Çünki Oleq Strejenov bu rolu yüksək peşəkarlıqla ifa edirdi. Və illər keçəndən sonra teatrda aktyor işləyən vaxt Voyniçin “Ovod” tamaşasında bu baş rolu Tariel Qasımov özü ifa eləyən vaxt bir şeir də yazıb:

Demə aylar ötüb, illər keçəcək,

Aktyor adını daşıyacağam.

Ekranda sevdiyim Artur rolunu,

Səhnədə mən özüm yaradacağam.

-Siz 60 ildir ki, Azərbaycan səhnəsindəsiniz. Səhnədə ilk rolunuz yadınızdadırmı?

-Mənim səhnədə ilk rolun 1958-ci ildə Həsən Seyidbəylinin “İmtahan” pyesində qılınc müəllimi olub. Həmin tamaşaya quruluşu, maraqlı rejissor rəhmətlik Kərim Həsənov vermişdi. Həmin vaxtı rəhmətlik Lütfi Məmmədbəyov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor işləyirdi. Mən də Bədən Tərbiyəsi İnstitutunda təhsil alsam da həmin vaxtı Lütfi müəllimin məşhur Xalq teatrında məşğul olurdum. Çünki aktyorluğa həvəsim vardı, həmin Xalq teatrına getməklə də öz “qurdumu öldürmək” istəyirdim. Həmin “İmtahan” pyesində “Romeo və Cülyetta” tamaşasından bir epizod var. O səhnəni oynayan aktyorlara da qılınc təlimi keçən bir müəllim obrazı vardı. Lütfi müəllim də Kərim Həsənova təklif eləyib ki, mənim Xalq teatrımda bir həvəskar aktyorum var və özü də Bədən Tərbiyəsi İnstitutunda təhsil alır, həm də qılınc döyüşməyi yaxşı bacarır. Qoy o, gəlib bu rolu oynasın. Beləliklə, Lütfi Məmmədbəyov həmin vaxtı məni Dövlət Gənc Tamaşaçılar Teatrına gətirdi və mən “İmtahan” tamaşasında Qılınc təlimi müəllimi rolunu oynadım. Bu epizodik rol olsa da çox ürəyimcə oldu. Rolum rejissorun və tərəf müqabilim olan aktyorların da xoşuna gəldi. Mən bundan həvəslənib, sənədlərimi Bədən Tərbiyəsi İnstitutundan alıb, Teatr İnstitutuna verdim və məşhur aktyor, rejissor, Xalq artisti Rza Təhmasibin aktyorluq kursuna qəbul olundum. Elə institutda təhsil aldığım vaxtdan da teatrda işləməyə başladım.

-60 il teatr səhnəsində nə qədər rollar oynayıbsınız və həmin rollardan hansılar daha çox yaddaşınızda qalıb?

-Mən bu illərdə yüzdən çox rol oynamışam. Rolların hər biri böyük-kiçikliyindən asılı olmayaraq, aktyorun övladı deməkdir. Mən isə teatrda həmişə demək olar ki, daha çox baş rolları ifa etmişəm. İnanın küçədə gedən vaxt tamaşaçılar məni saxlayıb, hansısa rollarımın adını çəkirlər və bu haqda maraqla danışırlar. Həmin rollar artıq mənim yadımdan çıxıb, amma tamaşaçılar o rolları unutmayıblar. Məgər aktyor üçün bundan da böyük mükafat ola bilərmi? Bir dəfə bir tamaşaçı mənə dedi ki, “siz Əliağa Kürçaylının “Axillesin dabanı” tamaşasında çox gözəl oynayırdınız”. Çox maraqlıdır ki, bu yeganə tamaşalardan idi mən orada ikinci dətəcəli rol oynayırdım. Orada məşhur aktyor Yusif Vəliyevin oğlunun rolunu oynayırdım. Onunla maraqlı səhnələrimiz vardı. Ona görə də deyirəm ki, aktyor üçün rolun böyüyü, kiçiyi yoxdur və oynadığı bütün rollar əzizdir. Çünki biz o rolları oynamaq üçün ömrümüzün ən əziz anlarını, günlərini onun məşqinə sərf etmişik ki, bu rolları tamaşaçılara sevdirə bilək.

-Mən də 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq şöbəsinə daxil olduğum vaxtdan Dövlət Gənc Tamaşaçılar Teatrındakı tamaşalarda sizin oynadığınız çoxlu rollarınızı görmüşəm. Onlardan “ Komsomol poeması”nı, “Rüstəm və Söhrab”ı, “Sən nə üçün yaşayırsan”ı unuda bilmirəm. Hətta axırıncı tamaşanız Azərbaycan Televiziyasının qızıl fondunda qalır.

- Dediyiniz tamaşalar həqiqətən də teatrımızın tarixində ən maraqlı tamaşalarından olub. Tamaşaçıların uzun illər sevə-sevə baxdığı tamaşalardan sayılıblar. Bu tamaşalarda teatrımızın korifeyləri çıxış edirdilər. Hətta Xalq yazıçısı Elçin bir dəfə İmran Qasımovun yubileyi vaxtı televiziyadan dedi ki, “Tariel Qasımovun “Sən nə üçün yaşayırsan” tamaşasında oynadığı Pərviz rolu bu gün də yadımdadır. O tamaşa teatrın maraqlı tamaşalarından biri idi”.

-Yazarlar sizin teatr həyatınız haqqında çox yazırlar, amma kino sahəsində gördüyünüz işlər nə üçünsə az işıqlandırılır. Lakin gəlin danmayaq ki, Azərbaycanda hələ elə bir aktyor yoxdur ki, sizin qədər MDB məkanında və xarici ölkə kino studiyalarında çəkilsin.

-Tamamilə düz deyirsiniz. Mənim kino aləmində çəkildiyim ilk kinofilm 1965-ci ildə Rüfət Şabanovun çəkdiyi “Liftçi qız” kinosu olub. Orada Xalq artisti, professor, vokolist, böyük sənətkarımız Xuraman Qasımova ilə oynamışam. Həmin vaxtı Xuraman xanım 7-ci sinifdə oxuyurdu, mən isə ali məktəbi bitirib, teatra yenicə işləməyə gəlmişdim. Həmin Nəriman roluna məndən başqa çoxlu aktyorlar namizəd idi, hətta foto və kiniprob da olmuşdular, amma mən təsdiq olundum. “Liftçi qız” kinofilmi həm rejissorun, həm Xuraman xanımın və həm də mənim kino sahəsində ilk işim idi. Bu kinofilmdən sonra mən SSRİ Kinomatoqrafiya İttifaqının üzvü oldum. Əslində 4-5 kinofilmdən sonra aktyorları SSRİ Kinomatoqrafiya İttifaqına üzv edirdilər. Amma o rolum hamının xoşuna gədiyinə görə məni təkcə bir filmdən sonra İttifaqın üzvü etmişdilər. Şəkilim keçmiş SSRİ-nin bütün Kinostudiyalarda asılmışdı. Məhz buna görə Tacikfilmə, Almaniyaya çəkiliş üçün dəvət olundum. Hər iki respublikada kinoya çəkildim. Almaniyanın “Defa” Kinostudiyasında da çəkilişimin maraqlı tarixçəsi var. Kinonun quruluşçu rejissoru Ştefan Bernxart mənim şəkilimi Moskvadakı Qorki adına Kinostudiyada görüb və çəkdikləri kinoda əsas rollardan birinə çox oxşadığıma görə məni axtarıb tapdılar və mən də həmin kinofilmə dünya səviyyəli aktyorlarla birlikdə çəkildim.

-Necə oldu ki, siz dünyanın ən məşhur kino rejissorlarından biri olan, SSRİ Xalq artisti Şöhrət Abbasovun çəkdiyi kinofilmlərə çəkildiniz və sizin tanışlığınız necə yarandı?

-Azərbaycan Kinostudiyasının çəkdiyi “Mehman” kinosunda baş rolun ifaçısı, milliyatca osetin olan Bimbulat Vatayevlə mən Tacikstan Kino-Studiyasında çəkilən “Rüstəm haqqında dastan” və “Rüstəm və Söhrab” kinofilmlərində bir yerdə çəkilmişdik. Və orada da dostlaşmışdıq. Sonra Şöhrət Abbasov Bimbulat Vatayevi həmin vaxtı çəkdiyi 17 seriyalı filmə Sadıqcan roluna dəvət edir. Şöhrət Abbasov həmin vaxtı kinofilmin ikinci rejissoru Valentin Yakovlevi Azərbaycana göndərir ki, buradan da həmin kinofilmə aktyorlar aparsın. Bibo da ona tapşırır ki, oradan hökmən mənim dostum Tarieli də gətir. O vaxtı mən və Şahmar Ələkbərov Daşkəndə uçduq. Mehman rolunda Bibonun Azərbaycan dilində danışığını da Şahmar Ələkbərov yazmışdı. İki gün həmin kinofilmin çəkilişlərinə da baxdıq. Sonra Şöhrət Abbasov bizim ikimizlə də söhbət etdi və dedi ki, Tariel sən mənim daha çox xoşuma gəldin. Bu mətni götür və sabah səni kinoda olan Mahmudəli roluna yoxlayacam. Orada sənin baş rolun ifaçısı Həmzə Həkimzadə ilə dava səhnən var. Həmin səhnəni də məşq edəcəyik. Məşq etdi və mən çox xoşuna gəldim. Mənim rolum cəmi bir seriyada vardı. Amma oyunum Şöhrət Abbasovun xoşuna gəldiyinə görə mənim rolumu uzatdı və mən 9 seriyada çəkildim. Həmin vaxtı Şöhrət Abbasov Özbəkistan Kinostudiyasının direktoru idi. O, istəyirdi ki, mən Özbəkistanda qalım və onların Kinosudiyasında çəkilən bütün kinofilmlərdə çəkilim. Amma mən razılaşmadım və Azərbaycana qayıdıb, yenidən Dövlət Gənc Tamaşaçılar Teatrında öz işimi davam etdirdim. Bu işimlə bərabər də Özbəkistanda 7 filmə çəkildim. Ona görə də indi özbəklər məni öz aktyorları sayır. Təvazökarlıqdan uzaq olsa da 75 illik yubileyim ərəfəsində Şöhrət Abbasov mənim aktyor yaradıclığım haqqımda çox yaxşı sözlər deyib. Onu da vurğulayım ki, o, hər aktyoru tərifləmirdi və onda sözə qarşı yaxşı mənada bir xəssislik vardı.

-Azərbaycanda yaş senzinin ortaya atılması ilə mən heç cürə razılaşmıram. Çünki həkim də, müəllim də, incəsənət işçisi də 65 yaşından sonra daha kamil mütəxəssis olur və əslində bundan sonra onlar daha böyük potensiala malik olurlar. Amma bu yaşda onları işdən çıxarırlar. Sizin buna münasibətiniz necədir?

-Mən sizinlə tam razıyam ki, insan yaşa dolduqca daha müdrikləşir və istəyir ki, özünün illərcədə qazandığı təcrübəsini cavanlara daha yaxşı öyrətsin. Amma çox təəssüf ki, onu müdrik yaşında işdən azad edirlər. Bu, mənə 1937-38-ci illərdəki repressiyanı xatırladır. Əgər həmin vaxtı ağıllı adamları güllələyib öldürür və həbs edirdilərsə, indi də onları bu yaşlarında işdən çıxartmaqla, infakt, insult olmalarına, dünyalarını vaxtından tez dəyişmələrinə rəvac verirlər. Əlbəttə, vaxt gələcək ki, biz buna görə böyük peşimançılıq keçirəcəyik. Necə ki, indi 1937-38-ci illərə görə peşimançılıq çəkirik. Bunu kim fikirləşibsə, çox səhf fikirdir. Mənim yadımdadır ki, Ağasadıq Gəraybəyli 90 yaşında səhnəyə çıxıb, çox maraqlı rol oynayırdı. Eləcə də Möhsün Sənanı, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Süleyman Ələsgərov və onlarca aktyorlar, aktrisalar vardı ki, çox ahıl yaşlarında səhnədə maraqlı rollar oynayırdılar. Təsəvvür edin ki, biz həmin vaxtı ali məktəbi bitirib Gənc Tamaşaçılar Teatrına işləməyə gələndən sonra qocaman aktyorlar Yusif Vəliyevi, Süleyman Ələsgərovu, Hüseynağa Sadıqovu, Osman Hacıbəyovu, Məxfurə Yermakovanı, Firəngiz Şərifovanı, eləcə də Azdramada Ağadadaş Qurbanovu, Ağasadıq Gəraybəylini, Möhsün Sənanini, Ələsgər Ələkbərovu və başqalarını görəndən sonra başa düşdük ki, biz hələ pilləkənin heç birinci pilləsində də deyilik. Biz səhnədə məşq etdikcə onlardan bu sənətin sirlərini öyrəndik. Onlar bizim üçün böyük bir məktəb oldular. İndi bizi yarım ştata keçiriblər. Demək olar ki, bizə rollar da verilmir. Bəzi aktyorlar və aktrisalar da yarımştata keçdiklərinə görə bütövlükdə teatrdan çıxıb gediblər. Bəs indi teatrlara gələn cavan aktyorlar yaşlı aktyorları səhnədə görməsələr nə düşünəcəklər, nə öyrənəcəklər? Axı cavan aktyorun yetişməsi yalnız yaşlı aktyorlarla tərəf müqabili olanda daha parlaq şəkildə ortaya çıxır. Bizə həm də bir vaxtlar ali məktəbdə böyük sənətkarlar dərs deyiblər. Amma indi Mədəniyyət və İncəsənət Universitetində elə adamlar dərs deyir ki, onlar bir gün də teatrda işləməyiblər.Belə olduqda onlar tələblərə nə dərs deyə bilərlər? Onları teatr üçün necə yetişdirə bilərlər?

-Çox maraqlı mövzuya toxundunuz. Sizə teatrda rol verilmir. Bunun səbəbi nədir?

-Mən sizə bir maraqlı məsələni deyim ki, teatrın baş rejissorları və direktorları onların səhvini üzünə deyən şəxsiyyət aktyorları sevmirlər. Ona görə də çox vaxt onlara rol vermirlər. Lap cavanlıq illərimdən mən teatrın rəhbərlərinin səhvlərini üzlərinə dediyimə görə onlar məni sevməyiblər. Amma tərifdən uzaq olsa da mən yaxşı aktyor olduğuma görə məcbur olub mənə rol veriblər. Mən də həmişə onların ümidlərini doğrultmuşam.

-Tariel Qasımov ömrünün bu müdrik çağında Bakıdan uzaqlaşaraq artıq doğulduğu Ağstafa rayonunda yaşamağa daha çox üstünlük verib. Bəs bu nədən yaranıb?

-Bizi ki, yarımştata keçirdilər və fikirləşdim bir qədər keçəndən sonra yəqin teatrdan tam uzaqlaşdıracaqlar. Ona görə də fikirləşdim artıq dədə-baba yurda qayıdım və burada təsərrüfatla məşğul olum. Həm də qoy övladlarım da bura gəlib məni yoluxmaqla kəndə öyrəşsinlər. Bilirəm ki, dünyamı dəyişəndən sonra doğma yurdda dəfn olunacam. Qoy övladlarım da bura gəlib qəbrimi ziyarət edəndə, heç olmasa burada qalmağa yerləri olsun.

-Axı siz Ağstafaya gəlməklə heç də sakit oturmayıbsınız. Burada bir teatr yaradıbsınız.

-Bəli, elədi. Bu mənim sənətimdi. Rayon rəhbərliyinin istəyilə bir dram dərnəyi yaratdım. Belə ki, Məhərrəm Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı işləməyə gələndə eşidib ki, mən də bu rayondanam. O, birnci müavin Ramiz Tatarovun vasitəsilə məni rayona dəvət etdi. Mən də Ağstafaya gedib onunla görüşdüm. Məni çox yaxşı qarşıladı. Oynadığım rollar haqqında böyük həvəslə danışdı. Bu rayonun üzdə olan böyük yaradıcı insanları- İsa Hüseynov, Həriman Həsənzadə, Nizami Cəfərov və mənimlə fəxr elədiyini səmimi bildirdi. Açığı söhbət əsnasında gördüm ki, Məhərrəm müəllim böyük təfəkkürə malik, yüksək dərəcəli ziyalıdır. O, dörd il bundan qabaq Ağstafadakı Heydər Əliyev Mərkəzində mənim 75 illik yubileyimi çox yüksək səviyyədə keçirdi. Onun incəsənət xadiminə verdiyi bu yüksək qiymət camaat tərəfindən də yaxşı səviyyədə qarşılandı. Mənə təklif elədi ki, rayonda teatr yaratmağa onlara köməklik edm. Mən də razılaşdım. Həmin dram dərnəyini yaratdıb, həvəskarlarla İsi Məlikzadənin “Gəl qohum olaq” tamaşasının məşqlərinə başladım. Hətta Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı Mərkəzi biləndə ki, bu kollektivlə mən tamaşa hazırlayıram, həmin dram dərnəyinə Xalq teatrı adı verdi. Bu kollektivə də Mədəniyyət Nazirliyi tərəfindən üç ştat da ayrıldı. İndi burada bir neçə tamaşaya da quruluş verməyi planlaşdırıram. Mən vaxtı ilə Dövlət Gənc Tamaşaçılar Teatrında bir neçə tamaşaya quruluş vermişəm. Bir vaxtlar Qazax Dövlət Dram Teatrına rəhbərlik etdiyim vaxt, Dağıstanda Azərbaycan Dövlət Dram Teatrını yaratdığım zaman həmin teatrlarda da bir neçə tamaşalara maraqlı quruluşlar vermişəm. Deməli, rejissura sahəsində də səriştəm var. Əlbəttə, rayonda bekar qala bilməzdim. Ümumiyyətlə mən bekar olmağı sevmirəm. Həmişə yaradıcılıqla məşğul olmuşam. Rollar oynamışam. Tamaşalar hazırlamışam. Şeirlər yazmışam. Bunlarsız mən yaşaya bilmərəm və həyatımı bunlarsız təsəvvür etmirəm.

-Bu il sizin artıq 60 il səhnəsində çalışdığınız Dövlət Gənc Tamaşaçılar Teatrının 90 yaşı və 2019-cu ilin fevral ayının 4-də isə sizin 80 yaşınız tamam olur. Siz, bu 90 yaşlı teatr haqqında nə deyə bilərsiniz?

- Mən teatrın 60 illik yubileyi vaxtı həmkarlar təşkilatının sədri idi. Teatrın rəhbərliyi istəmirdi ki, bu yubiley keçirilsin. Amma mən gedib mədəniyyət naziri Polad Bülbüloğlu ilə söhbət etdim və o da razılıq verdi ki, 60 illik yubileyi keçirək. Həmin vaxtı teatrımızın bir qrup işçilərinə fəxri adlar verildi. Sonra teatr rəhbərlərinin günahı ucbatından nə 70 illik, nə də 80 illik yubileylər keçirilmədi. İndi 90 illik yubileylə bağlı prezident cənab İlham Əliyev sərəncam imzalayıb. İlin sonunda bu yubileyin keçirilməsi planlaşdırılıb. İnanıram ki, bu yubileydə layiq olan aktyorlar, aktrisalar fəxri adlar, orden-medallar alacaqlar.

-80 yaşlı Tariel Qasımova siz nə demək istərdiniz?

-Tariel Qasımova demək istəyirəm ki, bu 80 yaş haradan gəlib ortaya çıxıb? Axı mən özümü 50 yaşlı adam kimi hiss edirəm. Çox gümraham. Heç bir xəstəliyim yoxdur. Ona görə də mənə deyəndə ki, artıq sənin 80 yaşın var, deyirəm ki, mən bilmirəm bu illər necə gəlib keçib. Mən özümü hələ 50 yaşında olan kimi hiss eləyirəm. Bax bu da ondan irəli gəlir ki, heç vaxt heç kimə pislik, paxıllıq etməmişəm. Heç kimə qibtə etməmişəm. Həmişə öz işimlə, aktyorluq sənətimlə məşğul olmuşam. Əlimdən nə köməklik gəlibsə həmişə adamlara etmişəm. Onlar bundan sevinibsə mən də sevinmişəm. Dahilər deyib ki, “insanın möhübünü düzmək, ona təmənnasız yaxşılıq etmək yalnız adı böyük həriflərlə yazılan İNSANA nəsib olur”. Heç vaxt yalan danışmıram. Həddindən artıq sadəlöv insanam. Tarix də həmişə sübut edir ki, sifəti vaxtından tez qırışan, eybəcər vəziyyətə düşən adamlar paxıl adamlardır. Başqasının sevincinə sevinməyən adamlardır. İnsanın böyüklüyü onun hamıya yaxşılıq etməsində, yaxşı əməllərlə məşğul olmasındadır. Yaxşı əməllər elə uca olur ki, hər yerdən görünür.

-Cavan aktyorlara bir müdrik ağsaqqal və həyatının 60 ilini səhnədə keçirən sənətkar kimi nə məsləhət vermək istəyirsiniz?

-Biz sənəti sevib gəlmişik. Onlara arzum budur ki, özlərini sənətdə sevməsinlər. Sənəti özlərində sevsinlər. Bu sənətin bütün çətinliyinə dözüb, gecə-gündüz bu yolda çalışsınlar. Əgər istedad 50 faizdirsə, 50 faiz də zəhmətdir. Zəhmətsiz bu sənətdə uğur qazanmaq mümkün deyil. Bizim kursda 20 nəfər təhsil alırdı. Onlardan yalnız Səfurə İbrahimova, Ruhəngiz Gün, Həsən Əbluc, Şahmar Ələkbərov, Ağaxan Salmanlı, Yalnıç Rzazadə və mən bu sənət aləmində duruş gətirə bildik. Biz də bu uğurlara yalnız böyük zəhmətin nəticəsində nail olmuşuq. Ona görə də zəhmət bütün uğurların açarıdır.

P.S. Biz artıq Bakıya çatmışdıq. Mən bu müsahibəni Tariel Qasımovla neçə müddətdir ki, götürmək istəyirdim. Amma o, axır vaxtlar daha çox Ağstafada olduğuna görə heç cür alınmırdı. Axır ki, bu müsahibə Rasim Seyidovun maşınında Qazaxdan Bakıya gələndə baş tutdu. Özü də Dövlət Gənc Tamaşaçılra Teatrının 90 illik yubileyi ərəfəsində. İnanıram ki, bu yubileydə Xalq artisti, Prezident təqaüdçüsü, 100-dən çox rollar oynayan, böyük obrazlar qalereyası yaradan, bir vaxtlar Qazax Dövlət Dram Teatrının, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru işləmiş Tariel Qasımovun əməyi də layiqincə qiymətləndiriləcək.

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə