“Funksiya. Quruluş. Dəyişiklik” fotosərgisinin açılışı olub

Bakıda YAY Qalereyasında "Artfaktor" fotoagentliyinin dəstəyi ilə YAY tərəfində təşkil olunmuş "Funksiya. Quruluş. Dəyişiklik" adlı fotosərginin açılışı olub. SİA-nın məlumatına görə, sərgi Azərbaycan fotoqraflarının bəzi ətraf obyektləri, çoxqatlı dinamik sistemlər kimi araşdıran əsərlərini təqdim edir.

Kamera obyektivi maraqlı mövzuları, funksiya, quruluş və dəyişiklik kimi ölçülər vasitəsilə anlamağa çalışır. Quruluş – elementlər arasındakı məkan əlaqələri müəyyənləşdirir, funksiya – ayrı-ayrı cəhətlərin qarşılıqlı təsiridir, dəyişiklik isə quruluşla funksiyanın dəyişkənlik xüsusiyyətidir. Demək olar ki, bu ölçülər ətraf aləmi olduğu kimi göstərməyə imkan verirlər. Həmçinin, onları məzmun səviyyəsində tətbiq etməklə daxili paradoksal anları da aşkarlamaq mümkündür. Birinci mərtəbədə keçmiş sovet dövrünü sənədləşdirmiş Hüseyn Hüseynzadənin foto silsiləsini görmək olar. Bu fotolarda mərkəzləşmiş sistem şəraitindən kənara çıxa bilməyən insanlar bir qurğu kimi, vahid mexanizmin daim hərəkətdə olmasını təmin edən çarxlar kimi göstərilib.

Həmçinin, Asiyat Fatullayeva da insanları öz kompozisiyalarına daxil etdikdə, onları adsız, pazl oyun-tapmacası kimi göstərir: simalar naməlum qalaraq, qurğunun bütövlüyünü təmin edirlər. Bəs bu sistem, bu quruluş çökəndə, nə olur? İlkin Hüseynov "Şərikli su" silsiləsində Sovet İttifaqının dağılmasından sonra su hövzələrinin bölünməsi və qeyri-müəyyən ayırmalar nəticəsində yaranan münaqişələri təhlil edir. Cavidan Axundov öz foto toplusunu "Puça çıxmış niyyətlər" adlandırmışdır. O, məzmunu tanınmaz hala salan texniki səhvləri və xətaları (fotolentin lüzumsuz işığa məruz qalması, yırtılması və s.) şərh edir. Nata Vahabova öz silsiləsində taleyinə dəyişiklik yazılan bir ailənin – vaxtilə zadəganlardan olub, Şura Hökuməti gəldikdə isə müsadirə ilə üzləşmiş, indi də kasıbçılıq içində yaşayan bir fəhlə ailəsinin həyat şəraitini sənədləşdirmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...