Arif Hüseynovun “75 və 75” adlı sərgisi açılıb

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində Xalq rəssamı, ADRA-nın professoru Arif Hüseynovun “75 və 75” adlı sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə rəssamın 75 illik yubileyi münasibətilə rəmzi olaraq 75 əsəri yer alıb.

Tədbirdə çıxış edənlər rəssamın yaradıcılığından söz açıblar. Bildirilib ki, Azərbaycan təsviri sənətində özünəməxsus dəstxəti, görkəmli qrafika ustası Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib. Onun M.Ə.Sabirə müraciəti rəssamın yaradıcılığının ən yüksək pilləsi hesab olunur. A.Hüseynovun dəzgah və kitab qrafikası sahələrində yaratdığı müxtəlif mövzulu əsərlər Bakı və Moskvanın nüfuzlu muzeylərini, yerli və xarici kolleksiyaların saxlanclarını bəzəyir.

“Qarabağ şikəstəsi”, “Mis qablar”, “Aşıq”, “Kəndirbazlar” və digər əsərlərdə rəssamın qədim miniatür sənəti ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss edilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan nağıllarını, dastanlarını illüstrasiya formasında ərsəyə gətirən A.Hüseynov bununla bir ilkə imza atıb. Maraq dairəsi çox geniş olan rəssam uğurla həm klassik, həm də çağdaş ədəbiyyat nümunələrinə illüstrasiyalar çəkir. Ədəbi qəhrəmanları asanlıqla təxəyyülündə canlandıra, ifadəli cizgilərlə onlara obrazlı görkəm verə bilir. O, həmçinin uşaqlarla işləməkdən zövq alır. Sənətkarın “Azərbaycan nağılı” silsiləsinə daxil olan əsərləri göstərir ki, Arif Hüseynov özündə ənənə ilə müasirliyin bədii vəhdətini yaşadan fərdi ifadə üslubunu yaratdığını sərgiləyə bilib.

Oktyabrın 30-dək davam edəcək sərgi Təhsil və Mədəniyyət nazirlikləri, eləcə də ADRA və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə reallaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə