“Azərbaycanda insanlar sahib olduqları ilə qürur duyurlar" FOTO

Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransına qatılan bir sıra xarici ölkələrin nümayəndələri ölkəmiz haqqında yüksək təəssüratlarını bölüşüblər.

SİA Xalça Muzeyindən verilən xəbərə görə, Beynəlxalq Muzeylər Şurasının Tarixi ev muzeyləri beynəlxalq komitəsinin prezidenti Elza Rodrigez bildirib ki, Azərbaycana səfər etmədən öncə ölkəmiz haqqında internet vasitəsilə müəyyən bilgilər əldə edib. Bakıda olduqdan məmnunluğunu deyən qonaq Azərbaycan Xalça Muzeyinə heyranlığını gizlətməyib: “Xalça Muzeyi bütün standartlara cavab verir. Ümumiyyətlə, gördüyüm qədər bütün muzeylər kifayət qədər yaxşıdır”.

Bakının eyni zamanda, bir sıra digər mədəni və tarixi məkanlarına da səfər etdiyini bildirən Elza Rodrigez şəhərimizi bəyəndiyini deyib: "İçəri Şəhəri və onun müasir memarlıqla qarşılığını çox sevdim. Digər ölkələrdə belə bir fərqliliyi tapmaq çox çətindir. Bu, ruha çox yaxın, amma deyim ki, bir o qədər də fərqlidir”.

Azərbaycan ilk dəfə səfər edən Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin idarə heyətinin üzvü Kai Lobjakas deyib ki, Azərbaycan haqqında eşitmişdim və uşaqlıqdan böyüyəndə buraya gəlmək arzusunda idim. Gözləyirdim ki, müəyyən bir yaşa çatdıqda valideynlərim məni buraya gətuirəcəklər, amma bu baş vermədi, buna görə bu mənim Bakıya ilk səfərimdir. “Ancaq ölkənizi bir az xalça və qədim xalçaçılıq ənənələri, çayı, ənənələrinizin digər tərəfi kimi də tanıyırdım. Həm də, keçmiş prezidentinizin həyat yoldaşı akademik Zərifə Əliyeva vaxtilə Estoniyada təhsil alıb, o, həkim idi və Tallin şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti var. Estoniyada səhnələşdirilən bir pyesi və orada rol almış Kəbirlinski soyadlı bir aktyoru da xatırlayıram, amma pyesin adı yadımda deyil. Bunlar Azərbaycanla bağlı ölkənizə gələnə qədər olan bildiklərim və xatirələrimdir”, - deyə o, əlavə edib.

Bakıda söhbətləşdiyi insanların öz ölkələri haqqında danışdıqlarından riqqətə gəldiyini deyən qonaq deyib: “Ölkənizin insanları çox gözəl ünsiyyət qururlar, sahib olduqları ilə qürur duyurlar. Bu hissi mən danışdığım hər bir insanda hiss etdim, mənə elə gəlir ki, güclü identikliyiniz var”.

Kai Lobjakas Bakıda bir neçə ev-muzeylərində, o cümlədən Qara Qarayevin ev muzeyində və Xalça Muzeyində xoş təəssüratlar əldə etdiyini diqqətə çatdırıb. “Qara Qarayevin ev muzeyi məndə çox gözəl təəssürat yaratdı. Müasir ev muzeyinin necə təqdim olunmasının canlı bir nümunəsinə çevrildi. Eyni fikirlər Xalça Muzeyinə də aiddir, hətta daha yüksək dərəcədə. Cünki muzey daha böyükdür, fikrimcə, hər iki muzey gözəl nümünələrdir. Onlar irəliləyişin istiqamətini göstərir, buna görə çox şanslısınız!”, - qonaq vurğulayıb.

Qeyd edək ki, oktyabrın 10-12-də keçirilən beynəlxalq konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...