Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları səfərlər təşkil edib FOTOLAR

Quba “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin 20-yə yaxın əməkdaşı üçün Şamaxı “Cümə Məscidi”, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna, Kiş kəndindəki “Alban məbədi” qoruğuna, Qəbələ Dövlət Tarix Bədii Qoruğuna səfərlər təşkil edilib.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, ilkin olaraq Kompleksin əməkdaşları çoxəsrli yaşa malik Şamaxıda yerləşən “Cümə məscidi”ni ziyarət ediblər. Burada qonaqları tarixçi Fariz Xəlilbəyli qarşılayaraq 800 illik tarixə malik olan Şamaxı “Cümə Məscidi” haqqında məlumat verib. O, qeyd edib ki, digər müsəlman ibadətgahları kimi Cümə Məscididə 1918-ci ildə erməni vandalizminin qurbanı olmuş və tamamilə yandırılıb. 2013-cü ildə Prezident İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa və yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilib. Qeyd edək ki, Memorial Kompleksdə Cümə məscidinin həmin dövrə aid fotoşəkilləri mövcuddur.

Daha sonra Kompleksin əməkdaşları Azərbaycan memarlığının nadir incisi hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayını ziyarət ediblər. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva qonaqları salamlayaraq, qoruğun özəlliklərindən bəhs edib. O vurğulayıb ki, qoruğun ərazisində yaşı 300-dən 700-dək olan 24 ədəd Xan çinarı var və bu ağaclar dövlət tərəfindən qorunur. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı” su kəmərindən indi də istifadə olunur. Yerli əhali bu gün də qədim ənənələrə sadiqdir. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır. Səfər zamanı təşkil olunan dəyirmi masada Kompleks əməkdaşları və Xan Sarayı kollektivi arasında əməkdaşlıq haqqında fikir mübadiləsi edilib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Səfər zamanı əməkdaşlar Kiş Tarixi-Memarlıq Qoruğuna da baş çəkiblər. Qoruğun direktoru İlhamə Hüseynova qarşılamış və təşkil olunmuş əməkdaşlığın əhəmiyyətindən danışaraq bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğulayıb. Daha sonra məbədin tarixi haqqında ətraflı məlumat verərək qeyd edib ki, Şəki öz tarixi-mədəni irsi, abidələri, memarlıq inciləri ilə ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. İlin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin rəsmi qonaqlar və beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biri də Kiş kəndində yerləşən qədim alban məbədidir. Eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan bu məbəd bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən abidə erkən orta əsrlərdə yaranan ilkgümbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında norveçli mütəxəssislərlə birgə “Kiş” layihəsi üzrə abidənin bərpasına başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə tanınmış norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü qoyulub.

Səfərin yekununda “Qəbələ Qalası” ziyarət edilib. Qonaqları qoruğun direktoru Bəhruz Şərifov qarşılayaraq qədim tarixə malik möhtəşəm qalanın tarixi haqqında geniş məlumat verib. Daha sonra mövzuya aid film izlənildi və sonda xatirə şəkli çəkdirilib.

Səfər çərçivəsində əməkdaşlar arasında təcrübə mübadiləsinin olması, işin günün tələblərinə uyğun qurulmasına, işin səmərəliliyinin və yaradıcı baxışın formalaşmasına müsbət təsir göstərib. Qoruq əməkdaşları arasında iş mübadiləsinin olması, təcrübəli qoruq işçiləri ilə tanışlıq, təmas və məsləhətləşmələr gənc mütəxəssislərin iş prosesində yaranan bir sıra kiçik nöqsanların aradan qaldırılmasına köməklik göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə