Bəstəkarlar İttifaqında elmi-praktiki konfrans keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında “Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı” adlı elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, Müstəqillik Gününün 27-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. İctimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. O vaxtdan bu günədək digər sahələrdə olduğu kimi mədəniyyət, incəsənət sahəsində də canlanma müşayiət edilir.

F.Əlizadə çıxışı zamanı milli musiqimizin təbliğı sahəsində Azərbaycan bəstəkarlarının fəaliyyəti, musiqi dəyərlərimizin qorunması və inkişafı ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Konfransda Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, Həcər Babayeva, professor Cəmilə Həsənova və başqalarının məruzələri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə