“Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib FOTOLAR

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adı altında dəyirmi masa keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbir Azərbaycanın müstəqilliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başlayıb.

Tədbiri giriş sözü ilə Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq bildirib ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd, “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Qeyd etdi ki, müstəqilliyi elan edilmiş dövlətimiz çox mürəkkəb tarixi şəraitdə fəaliyyətə başlayaraq artıq 27 illik uğurlu yol keçib.

AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu mövzu ilə bağlı öz fikirlərini bildirib.

Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov çıxışında bildirib ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, onun əbədiliyi qorunub saxlanır, inkişaf etdirilir. Azərbaycan bu gün həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Sonra kitabxananın əməkdaşı Rəvanə Məlikova şair Nəriman Həsənzadənin “Azərbaycan” şerini səsləndirib.

Tədbir boyu Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş video-rolik nümayiş etdirilib.

Tədbirin sonunda “Müstəqil, azad Azərbaycan” adlı kitab sərgisinə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə