Sumqayıt Dövlət Dram teatrında Müstəqillik günü qeyd olunub FOTOLAR

Sumqayıt Dövlət Dram teatrında Milli Müstəqillik günü münasibətilə toplantı keçirilib. SİA teatrdan verilən xəbərə görə, teatrın direktoru, Yeni Azərbaycan Partiyasının üzvü, Əməkdar artist Mübariz Həmidov müstəqilliyə aparan yolun çətinliyini, milli məfkurənin formalaşması üçün çox keşməkeşli yollar qət edildiyini bildirib. Natiq vurğulayıb ki, Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Cümhuriyyətinin ömrü qısa olsa da dövlətçilik səlnaməsinə qızıl hərflərlə yazılıb. Sovet dönəmində isə Uu Öndər Heydər Əliyev milli mücahidləri imperiya təhlükəsindən qurtarıb. Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi ziyalılar məhz Heydər Əliyevin qətiyyəti sayəsində xilas olublar. Bu gün qüdrətli Azərbaycan Ordusunun peşəkar zabitlərinin əksəriyyəti vaxtı ilə Ulu Öndərin yaratdığı C.Naxçıvanski adına hərbi məktəbin yetirmələridir. Daha sonra Mübariz Həmidov 1991-ci il 18 oktyabrda Müstəqillik aktının qəbulunu xatırladıb və 1992-ci ildə az qala itirilməkdə olan müstəqilliyimizin Heydər Əliyev tərəfindən xilas edildiyini bildirib. Habelə teatrın rəhbəri suveren dövlətimizin siyasi və iqtisadi qüdrətinin artmasında Yeni Azərbaycan Partiyasının lideri Heydər Əliyevin önəmli rolundan danışıb.

Daha sonra YAP üzvləri – teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, ərazi təşkilat sədri Samirə Məlikova öz fikirlərini bölüşüb. Çıxış edənlər ən ali nemət olan müstəqillik, azadlıq duyğularının hansı çətinliklərdən, təqiblərdən keçdiyini bir daha xatırladıb və sonda Mübariz Həmidov görkəmli siyasətçi, dövlət xadimi Heydər Əliyevin qürurla söylədiyi “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır.” kəlamından hər zaman fərəh duyduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə