Türkiyəli teatr xadimləri Musiqili Teatrda

Türkiyənin Kocaeli Universitetinin Səhnə Sənətləri Bölümünün rəhbəri, professor Sema Göktaş və həyat yoldaşı - “Yeni Tiyatro” dərgisinin təsisçisi və baş redaktoru, doktor Erbil Göktaş Azərbaycan Dövlət Musiqili Teatrında olublar. SİA teatrdan verilən xəbərə görə, qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova qəbul edib.

Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə və Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mətanət Nəsirova da iştirak ediblər. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib, Türkiyəli sənətkarlar Musiqili Teatrın yaranma tarixi, 109 illik yaradıcılıq yolu, inzibati binası, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə burada aparılan mükəmməl təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar. Teatrın repertuarında olan tamaşalarla maraqlanan Sema və Erbil Göktaşlar Musiqili Teatrın möhtəşəm səhnəsində milyonların sevimli gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gun qalmış” (Ə.Səmədli, quruluşçu rejissor Əməkdar incəsənət xadimi Əsgər Əsgərov) tamaşasına baxıblar. Bu səhnə əsərinin quruluşunu çox bəyənən hər iki tanınmış qonaq heyranlıqlarını gizlətməyiblər, növbəti səfərlərində də mütləq Musiqili Teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildiriblər. Türkiyəyə dönərkən onlar Musiqili Teatrla bağlı təəssüratlarını qələmə alacaqlarını, həmçinin, yaxın gələcəkdə Azərbaycanın görkəmli teatr xadimlərinin, teatrşünaslarının yazılarını böyük məmuniyyətlə öz dərgilərində görmək istədiklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə