Nazir Mingəçevirdə vətəndaşları qəbul edib FOTOLAR

Ölkə başçısının tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul edib. Nazir qəbuldan əvvəl Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Nazirlikdən SİA bildirilib ki, qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Mingəçevirdən qəbula yazılan sakinlər şəhərdəki Mərkəzi kitabxanaya tibb, iqtisadiyyat, tarix, turizm və dilçiliyə aid yeni ədəbiyyatların verilməsi, şəhər Mədəniyyət mərkəzinin Xalq yaradıcılığı filialına yenidən Xan Şuşinskinin adının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Yevlax sakinlərinin müraciətləri gənc mədəniyyət işçilərinin intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsabiqələrin (brain-rinq) keçirilməsi, televiziyalarda regionların mədəni həyatının geniş şəkildə işıqlandırılmasına köməklik göstərilməsi, Xalq teatrının aktyorlarının peşəkarlığının artırılması üçün ustad dərslərinin təşkili barədə olub.

Bərdədən qəbula gələn vətəndaşlar tərəfindən küçə rəssamlıq sənətinin inkişafına dəstək verilməsi, Döyüş şöhrəti muzeyinin yaradılması, görkəmli yazıçı Mir Cəlalın 110 illiyinə həsr olunmuş respublika üzrə gənc yazıçılar arasında müsabiqə keçirilməsinə köməklik edilməsi, işlə təmin olunma barədə müraciətlər edilib.

Ağcabədi sakinləri şəhər Uşaq musiqi məktəbinə görkəmli xanəndə Zülfü Adıgözəlovun adının verilməsi, Mərkəzləşdirilmiş kitabxana sistemi üçün inzibati binanın tikilməsi, rayondakı Rəsm qalereyasına yeni əsərlərin verilməsini xahiş ediblər.

Tərtər sakinləri qeyri-maddi irsimizin geniş şəkildə təbliğ edilməsi məqsədilə regionlararası festivalların təşkil olunması, regionların özünəməxsusluğunu əks etdirən məlumatlardan ibarət kitabların nəşr edilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Ağdam və Laçından qəbula gələnlərin müraciətləri ləğv olunmuş klub müəssisələrində olan ştat vahidlərinin rayon Mədəniyyət mərkəzinə verilməsi, eləcə də Mədəniyyət mərkəzi və onun filiallarının müvafiq əyani vəsaitlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin portretləri ilə təmin olunması və digər məsələlər barədə idi.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə