Xalq yazıçısı Elçinlə görüş keçirilib FOTOLAR

Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində Xalq yazıçısı Elçinlə görüş keçirilib. SİA-nın məlumatına görə, tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin aparıcılığı ilə keçən tədbirdə yazıçının yaradıcılığından və əsərlərinin ədəbiyyatımızdakı yerindən danışılıb.

Bildirilib ki, çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi Elçinin əsərləri təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində sevilə-sevilə oxunur, neçə-neçə oxucu nəsli arasında mənəvi körpü yaradır. Altmışıncı illərin əvvəllərində ədəbiyyata gələn istedadlı qələm sahibi elə ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı manerası, həyat hadisələrinə orijinal baxışı ilə diqqəti cəlb edib. Elçinin bədii yaradıcılığının janr müxtəlifliyi onun yaradıcılıq istedadının çoxşaxəliliyi qədər özünü göstərir. İstər onun yaradıcılığının ilk illərində qələmə aldığı hekayələrinə (“Qatar. Pikasso. Latur, 1968”, “Hotel Bristol”, “Beş dəqiqə və əbədiyyət”), istər uşaqlar üçün yazdığı hekayələrə (“Mən lalə istəyirəm”, “Mən hər şeyi bilirəm”) və nağıllara (“Nigar, Yalçın və onların Dədəsi”, “Humayın yuxusu”, “Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılı”), istər (“Dolça”, “Bayraqdar”, “Alman ovçu, vurma məni”, “Hökmdarın taleyi”) povest və kinopovestlərinə, istər (“Hövsan soğanı”, “O da aşiq olub, yaza dünyada...”, “Mənim ərim dəlidir”, “Ah, Paris, Paris!”) pyeslərinə, istərsə də “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanlarına, “İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti” kimi esselərinə, ədəbi düşüncələrinə, Vətən və vətənpərvərliklə bağlı qələmə aldığı yazılara, tənqid və ədəbiyyatşünaslığın yaradıcılıq məsələləri barədə məqalə və monoqrafiyalarına baxsaq, görərik ki, bütün bunların hamısı ədəbiyyat və mədəniyyətimizin estetik problemlərini çözmək və həll etmək baxımından əsaslı mövqe qazanır.

Diqqətə çatdırılıb ki, Azərbaycan teatrının repertuarının zənginləşməsində Elçin dramaturgiyasının xüsusi yeri var. Onun “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Poçt şöbəsində xəyal”, “Qatil”, “Şekspir” və digər pyesləri ölkəmizin və xarici teatrların səhnəsində böyük uğurla tamaşaya qoyulub.

Bakı Kitab Mərkəzində oxucuların görüşünə gəlməkdən məmnunluğunu ifadə edən Xalq yazıçısı Elçin Heydər Əliyev Fondunun təşəbbüsü ilə belə bir mədəniyyət və ədəbiyyat ocağının yaradılmasını yüksək qiymətləndirib və gənc nəslin maariflənməsində, mütaliə məsələlərində mühüm rol oynayacağını qeyd edib. Xalq yazıçısı oxucuların suallarını cavablandıraraq yaradıcılığından, ədəbiyyatımıza yeni nəfəs gətirmiş məşhur 60-cılar cərəyanından danışıb, müasir ədəbi proses barədə fikirlərini bölüşüb.

Sonda yazıçı müəllifi olduğu kitabları imzalayaraq onu sevənlərlə xatirə şəkilləri çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...