Bu il Mingəçevir Dövlət Dram Teatrının 50 yaşı tamam olur

Azərbaycan Respublikasının Prezidentinin “Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında” Sərəncamına uyğun olaraq 17 oktyabr 2018-ci il tarixində saat 15:00-da Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. Bu sənət ocağı 1969-cu ilin mart ayının 28-də C.Cabbarlının “Almaz” tamaşası ilə fəaliyyətə başlayıb. Teatrın ilk mütəxəssisləri Mingəçevir Xalq Teatrının və Azərbaycan Dövlət Teatr İnstitutunun məzunlarından ibarət olunub. Bu illər ərzində kollektiv dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın tamaşa hazırlanıb.

Yarandığı gündən repertuarında milli klassik və müasir dramaturgiya nümünələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı rus və dünya dramaturgiasına da müraciət edib. “Almaz” (C.Cabbarlı), “Hacı Qara” (M.F.Axundzadə), “Eşq və İntiqam”, “Laçın yuvası” (S.S.Axundov), “Həmyerlilər” (A.Məmmədov), “Fərhad və Şirin”, “Vaqif” (S.Vurğun), “Yağışdan çıxdıq yağmura düşdük” (N.B.Vəzirov), “Kəndçi qızı” (M.İbrahimov), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Qətl günü” (Y.Səmədoğlu) ilə yanaşı “Ezop” (Q.Fiqeyredo), “Toros canavarı” (Ə.Nesin), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Ayrılmaq anı” (M.Bayciyev) kimi əsərlər teatrın səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulub, tamaşaçıların rəğbətini qazanmış, mətbuatda geniş işıqlandırılıb.

Mingəçevir Dövlət Dram Teatrı Azərbaycanda və onun hüdudlarından kənarda da fəal mədəniyyət ocağı kimi tanınır. Teatr Respublikamızın əksər şəhər və rayonları ilə bərabər Türkiyə, Gürcüstan, Dağıstan Respublikalarında qastrol səfərləri keçirib, bir neçə dəfə Respublika festivallarının iştirakçısı və qalibi olub.

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin 10 mart 2004-cü il tarixli qərarı ilə, Mingəçevir Dövlət Dram Teatrının Hüseyn Cavidin “Ana” tamaşası klassik dramaturgiyanın uğurlu səhnə təcəssümünə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Nəzərinizə çatdırırıq ki, adıçəkilən teatrda iki nəfər Xalq artisti (Zülfüqar Abbasov və Ella Yaqubova), iki nəfər Əməkdar artist (Akif Mirabov və Şıxı Yaqubov) və bir nəfər Əməkdar rəssam (Rafael Haşımov) çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə