Tbilisidə “Bülbülcan” kitabının təqdimatı olub FOTOLAR

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli muğam ifaçısı Əbdülbaqi Zülalova həsr edilən “Bülbülcan” kitabının təqdimat mərasimi olub. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, hər iki ölkənin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, bu cür tədbirlərin münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra kitabın həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Azərbaycanda muğam sənətinə göstərilən dövlət qayğısından söz açıb. Bildirib ki, Azərbaycan muğam sənəti bütün dünyada məşhurdur. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsimizin qorunması işinin təməlini qoyması sayəsində bu gün qeyri-maddi mədəni irs nümunələrimiz dünyada yüksək səviyyədə təbliğ olunur. Məhz Mehriban xanım Əliyevanın mədəni irsimizə, tariximizə diqqəti və qayğısı nəticəsində bu gün UNESCO-nun müvafiq siyahılarında Azərbaycanın 11 nominasiya faylı qorunur və ölkəmiz təşkilatın “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasına qoşulub.

Ustad muğam ifaçısının fəaliyyətindən danışan müəllif deyib: “Azərbaycan muğam sənətinin formalaşması və inkişafında Əbdülbaqi Zülalovun – Bülbülcanın böyük xidmətləri olub.

1847-ci ildə Azərbaycanın ən gözəl guşələrindən olan Şuşada dünyaya göz açan Bülbülcan əvvəlcə Azərbaycanda, sonra isə Gürcüstanda – Tbilisidə xanəndə kimi şöhrət qazanıb. O, ömrünün 30 ilini (1875-1905) Tbilisi şəhərində yaşayıb. Bu illər ərzində Azərbaycan muğamlarını, xalq mahnılarını sevə-sevə səsləndirib, toy şənliklərində, böyük tədbirlərdə, teatr tamaşaları arasındakı fasilələrdə ansamblı ilə çıxış edib. Əbdülbaqi Zülalova Bülbülcan ləqəbi də gözəl zəngulələrinə görə ilk dəfə Tbilisidə verilib.

Sonra Gürcüstan Teatr Sənəti Birliyinin sədri Georgi Geçekqori, prezidentliyə namizəd Levan Çxeidze, kitabı gürcü dilinə tərcümə edən tədqiqatçı-jurnalist Mirzə Maşov, Gürcüstan Musiqi Alətləri Muzeyinin direktoru Rezo Kotrikadze və başqaları çıxış edərək Bülbülcanın yaradıcılığına nəzər salıb, Azərbaycan muğam sənətinin Tbilisidə şöhrət tapmasında mahir ifaçının rolunu xüsusi qeyd ediblər.

Bildirilib ki, 1875-1905-ci illərdə Tbilisidə elə bir yüksək səviyyəli məclis olmayıb ki, Bülbülcan və onun dəstəsi oraya dəvət edilməsin. 1888-ci ildə Tbilisinin Müctəhid bağında III Aleksandrın şərəfinə təşkil olunan məclisdə Bülbülcan da iştirak edib. Böyük xanəndənin bülbül kimi cəh-cəh vurmasından vəcdə gələn III Aleksandr onun at üstündə Kovalenski prospekti ilə (indiki Rustaveli prospekti) keçib getməsinə icazə verib.

Knyaz Mixail Romanov (I Nikolayın qardaşı) 1904-cü ildə Tiflisə səfər edərkən “Edem” bağında onun şərəfinə ziyafət təşkil olunub. Ziyafətdə Bülbülcan o qədər gözəl oxuyub ki, knyaz öz barmağındakı dörd karatlıq brilyant üzüyü çıxararaq onun barmağına taxıb.

Qeyd edilib ki, İran hökmdarı Müzəffərəddin şah 1900-cü ildə Avropaya səfər edərkən bir neçə gün Tiflisdə qonaq olub. Məclislərin birində şah Bülbülcanın ifasını o qədər bəyənib ki, onu “Şiri-Xurşid” ordeni ilə təltif edib.

Çıxışlardan sonra tədbir maraqlı konsert proqramı ilə davam edib.

Sonda Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri Azərbaycan xalq mahnılarını və muğamları ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...