Qətər Milli Kitabxanasının İcraçı direktoru Azərbaycan Milli Kitabxanasında

Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Sohair Vastavi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. Azərbaycan Milli Kitabxanasından SİA bildirilib ki, qonaqla qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və əməkdaşlıq, təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu yaxınlarda Qətər Milli Kitabxanasının yeni binasının açılış mərasimi ilə bağlı bu ölkədə olduğunu xatırladaraq kitabxananın yeni və modern üslubda dizayn edilmiş binasının dünyanın ən modern kitabxana binalarından biri olduğunu qeyd edib. Bildirib ki, Qətərə səfəri çərçivəsində iki ölkənin milli kitabxanaları arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması kitabxanalar arasında əlaqələrin inkişaf etdirilməsinə, kitab mübadiləsinə təkan verəcək.

Sohair Vastavi qədim kitabların və əlyazmaların rəqəmsallaşdırılması, mühafizə edilməsi və qorunması ilə bağlı Azərbaycan Milli Kitaxbanasının bu sahə üzrə iki əməkdaşının memorandum çərçivəsində Qətər Milli Kitabxanasına ezam olunmasını və ölkəsinin bu sahədəki təcrübəsi ilə bağlı köməklik göstərə biləcəyini vurğulayıb.

Kərim Tahirov bu fikri müsbət qarşılayaraq lazımi şəxslərin noyabrda Qətər Milli Kitabxanasına ezam olunacağını qeyd edib. Həmçinin Qətər Milli Kitabxanasının əməkdaşlarının təcrübə mübadiləsi çərçivəsində Bakıya gəlmələrini və buradakı təcrübələri onlarla bölüşmək arzusunda olduğunu bildirib.

Görüşdə qarşılıqlı kitablar hədiyyə olunub.

Sonra qonaq Milli Kitabxananın nadir kitablar və kitabxana muzeyi şöbəsini və fond saxlanclarını ziyarət edib, kitabxanada oxuculara xidmət proseslərinin avtomatlaşdırılması və elektronlaşdırılması işləri ilə də maraqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə