Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb FOTOLAR

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədi rayon Mədəniyyət Mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Mədəniyyət və incəsənət xadimlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Ansamblın bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək böyük bəstəkarın şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətimizin inkişafındakı əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Ü.Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. O, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Ü.Hacıbəyli, həmçinin felyetonlar, elmi-publisistik məqalələr, dərsliklər yazıb, tərcümələr edib, ictimai işlərdə fəal çalışıb.

Diqqətə çatdırılıb ki, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin 1995-ci ildə bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.

Qeyd olunub ki, 2009-cu ildən etibarən Azərbaycanda hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq musiqi festivalı sentyabrın 26-dək davam edəcək.

Sonra Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin “Qarabağ Muğam Mərkəzi”nin ifaçıları dahi bəstəkarın əsərlərindən parçalar, muğam və mahnılar, rəqslər təqdim ediblər. Konsert proqramı ağcabədili musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə