Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq konfransda təmsil olunur

Qazaxıstan Milli Muzeyində "Avrasiya ornament ritmləri. Nişanlar. Rəmzlər. Mənalar" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Mədəniyyət Nazirliyindən SİA verilən məlumata görə, MDB-nin 9 ölkəsindən 30-a yaxın xalq və dekorativ-tətbiqi sənəti üzrə aparıcı ekspertlərin iştirak etdiyi konfransda Azərbaycan da təmsil olunur.

Konfransda Azərbaycan Xalça Muzeyinin baş mühafizi Mira Məmmədxanova “Qədim Avrasiya köçəri xalqlarının ornament mədəniyyətinin yaranma artefaktı”, Milli İncəsənət Muzeyinin şöbə müdiri Xədicə Əsədova “Azərbaycan xalçalarının sirli dili” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans iştirakçıları Qazaxıstan Milli Muzeyinin ekspozisiyaları ilə tanış olublar.

Beynəlxalq konfrans sentyabrın 28-də öz işini yekunlaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə