Növbəti şeir məclisi İmadəddin Nəsimiyə həsr olunub

Silsilə olaraq şeir, qəzəl ustadlarına həsr olunmuş tədbirlərə təşkilatçılıq edən Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsi bu gün də qapılarını şeirsevərlərin üzünə açıb. SİA-nın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsi, Ruhulla Axundov adına mədəniyyət evində fəaliyyət göstərən "Xəzər poeziya klubu”nun növbəti şeir məclisi ilk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmiş dahi mütəfəkkir-şair İmadəddin Nəsimiyə həsr olunub.

AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı gecəni giriş sözü ilə açaraq 2018-ci ilin sentyabrında keçiriləcək “Nəsimi Şeir, Sənət və Mənəviyyat Festivalı”dan danışıb. Qeyd edib ki, bu festival anadilli Azərbaycan poeziyasının banilərindən olan İmadəddin Nəsiminin 600 illik yubileyinə həsr olunub. AYB-nin Xəzər bölməsinin üzvlərindən 6 nəfərin festivala qatılacağını diqqətə çatdıran sədr onlar arasından yalnız 1, ümumilikdə festival iştirakçıları arasından isə 3 nəfərin qalib olacağını vurğulayıb. Eyni zamanda bildirib ki, festival iştirakçıları arasında böyük rəqabət var. Qaliblər 27-29 sentyabr tarixində bəlli olacaq.

Daha sonra poeziya gecəsi festivalda iştirak edəcək gənc yazarların şeirləri ilə davam edib, onların kiçik qüsurları diqqətə çatdırılıb, həlli yolları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə