“Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” - ELMİ-KONFRANS -FOTOLAR

Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli musiqimizin inkişafında xidmətlərindən danışıb. Bildirib ki, 2009-cu ildən başlayaraq Milli Musiqi günündə dahi Üzeyir bəyə həsr olunan ənənəvi Beynəlxalq Musiqi Festivalı keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqı da hər il olduğu kimi, bu il də bu musiqi bayramının həm təşkilatçısı, həm də iştirakçısı olaraq çıxış edir.

Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini deyən F.Əlizadə dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olduğunu qeyd edib. Bildirib ki, Üzeyir bəyin yaradıcılığı tükənməz bir xəzinədir, onun əsərlərinin coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır və bu iş hər zaman aktual olaraq qalacaq.

Ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini də vurğulayan F.Əlizadə deyib: “Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dahi Üzeyir Hacıbəylinin dövrünün tanınmış ziyalısı və ictimai xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, onun fəaliyyəti illərində əvəzsiz xidmətlər göstərib. Bəstəkarlar İttifaqında reallaşan elmi konfransda Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişafı istiqamətində gördüyü işlərdən bəhs olunur”.

Tədbirdə daha sonra dahi bəstəkarın zəngin irsinə dair Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Azərbaycan bəstəkarlarının opera yaradıcılığında “Koroğlu” operasının ənənələri”, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Üzeyir Hacıbəylinin əsərlərinə edilən təcavüzlər”, musiqişünaslar Səadət Qarabağlı “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti”, Raya Abbasova “Leyli və Məcnun” operası Bakı Marionet Teatrının quruluşunda”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin milli musiqişünaslığın inkişafında rolu” və Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın “Üzeyir Hacıbəylinin təhsil dövründə cümhuriyyət ideyalarının təşəkkülü” mövzusunda məruzələri dinlənilib.

Konfransda, həmçinin Bəstəkarlar İttifaqına qəbul edilən yeni üzvlər ictimaiyyətə təqdim edilib və onlara üzvlük vəsiqələri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə