Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb FOTOLAR

Prezident İlham Əliyevin tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü sentyabrın 25-də Qusar şəhərində gerçəkləşib. Nazirlikdən SİA-ya məlumatına görə, nazir Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan öncə Əbülfəs Qarayev Qusar şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoyub.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Xaçmazdan qəbula gələnlər rayonda dekorativ-tətbiqi sənəti ilə bağlı muzeyin yaradılması, səyyar sənətkarlıq kurslarının təşkil olunması, işlə təmin olunma, milli vokal qrupunun yaradılması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Quba sakinləri tərəfindən rayon Mərkəzi kitabxanasında aparılmış əsaslı təmirə görə minnətdarlıq ifadə olunub, həmçinin gözdən əlillər üçün xüsusi proqram və kitabxanalara yeni kitabların verilməsi, Qırız kəndindəki VIII-X əsrlərə aid olan Əbu Müslim məscidinin bərpa olunması və tarixi abidə kimi qorunması, Mühüc və I Nügədi kəndlərindəki məscid binalarının təmiri, “Atəşgah” xalq folklor kollektivinin rəsmi statusunun bərpa edilməsi barədə müraciətlər edilib.

Qusardan qəbula yazılan vətəndaşların müraciətləri rayonun Uşaq incəsənət məktəbinə yeni musiqi alətlərinin verilməsi, Qusar Dövlət Rəsm Qalereyasının nəzdində satış köşkünün açılması, işlə təmin olunma barədə olub.

Siyəzən sakinləri rayon Mərkəzi kitabxanasının fonduna neft sənayesinə aid kitabların verilməsi, rəsm qalereyasının yaradılması və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.

Şabran sakinləri Tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasının yenidən qurulması, xalq kollektivlərinin xarici ölkələrə səfərinin təşkili ilə bağlı nazirə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə