Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş olunub

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Varna şəhər bələdiyyəsinin dəstəyi ilə İncəsənət Qalereyasında “Bakı – qədimlik və müasirliyin harmoniyası” və “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzularında fotosərgilər təşkil edilib. Tədbirdə Varna merinin müavini Kosta Bazitov, meriyanın əməkdaşları, mədəniyyət, incəsənət və media nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Bolqarıstanın Azərbaycandakı Səfirliyindən SİA-ya verilən məlumata görə, açılış mərasimində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu sərgilərin ölkəmizin ikinci böyük şəhəri Gəncə ilə qardaşlaşmış Varnada təşkilinin rəmzi məna daşıdığını bildirib və ötən il şəhərin Gəncədən ”Avropa Gənclər Paytaxtı”nın açarlarını aldığını əlavə edib. O, “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı sərginin qədim tarix və zəngin mədəniyyətə malik paytaxtımızın cazibədarlığını görməyə imkan yaratdığını söyləyib. Diplomat Bakının özünəməxsus obrazının ötən əsrin əvvəlində “neft bumu” dövründə Qərb və Şərq mədəniyyətlərini birləşdirən unikal sintezin irsi olduğunu bildirib. Qeyd edib ki, vaxtilə Bakıda tikilmiş əsrarəngiz saraylar və iqamətgahlar gözəllikdə bu gün də bir-biri ilə rəqabət aparır.

Nərgiz Qurbanova Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə də danışıb. Bildirib ki, dahi şairin adını daşıyan muzeyin binası bu il 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri tərəfindən 1918-1920-ci illərdə istifadə edilib. Səfir daha sonra qonaqlara Dənizkənarı Milli Park, Azərbaycan Xalça Muzeyi haqqında məlumat verib, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Səfir sərginin, həmçinin zəngin xristian irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini nümayiş etdirdiyinə diqqət çəkib. Ölkəmizin ərazisində mövcud olmuş Qafqaz Albaniyası barədə məlumat verən Nərgiz Qurbanova burada xristianlığın eramızın I əsrindən etibarən yayılmağa başladığını deyib.

Varna merinin müavini K.Bazitov şəhərin Azərbaycanla bağlı sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu bildirib, bu cür tədbirlərin iki xalq arasında mədəni əlaqələrin daha da genişlənəcəyinə təkan verəcəyini deyib. Gəncə ilə Varna arasında qardaşlaşma əlaqələrinə toxunan K.Bazitov bu qəbildən tədbirlərin şəhərlər arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. “Fokus” və “Çerno more” xəbər agentliklərinin, “Fokus” və “Dariknews” radiolarının internet səhifələrində, dnesplus.bg xəbər portalında tədbirlə bağlı məqalələr yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə