Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomu təqdim olunub

Moskva Müzikl Teatrı “Həyat gözəldir” adlı yeni tamaşanı təqdim edib. Tamaşa teatrın bədii rəhbəri Mixail Şvıdkoyun 70 illiyinə həsr edilib. SİA-ya Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, gecədə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

P.Bülbüloğlu gecəyə toplaşanlar qarşısında çıxış edərək M.Şvıdkoyu yubileyi münasibətilə təbrik edib. Azərbaycanın Rusiyadakı səfiri deyib: “Mən bu qənaətə gəlmişəm ki, bu gün artıq Mixail Yefimoviç kimi insanlar doğulmur. O, əsl dostdur – çox səmimi, çox həssas və çox sədaqətli. Onu da bilirəm ki, Mixail Yefimoviç məni məzəmmət edəcək, çünki o, mənə dəfələrlə xəbərdarlıq etmişdi ki, heç bir təbrik və rəsmi nitqlər lazım deyil. Lakin mən öz Prezidentim İlham Əliyevin tapşırığını yerinə yetirməyə borcluyam. Səmimi desəm, bu tapşırıq mənim üçün Mixail Yefimoviçin sözlərindən qat-qat artıq məsuliyyət deməkdir”.

Səfir və Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Mixail Şvıdkoya təqdim edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mixail Şvıdkoy Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...