Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Sülh Günü münasibətilə “Dünyanı sülhə səsləyək” adlı tədbir keçirilib. Kitabxanadan SİA-ya bildirilib ki, kitabxananın direktoru Oruc Quliyev Beynəlxalq Sülh Günü haqqında məlumat verib. Bildirib ki, BMT-nin müvafiq qərarı ilə 21 sentyabr bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day”i yaradıb. Onun əsas məqsədi heç olmasa ildə bircə gün atəşkəs, bütün dünyada insan zorakılığının baş verməsinin qarşısının alınması idi. 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə edilməsinə nail olmaq üçün bir gündür. Bu səbəbdən də qeyd edilən tarix bütün bəşəriyyət üçün çox vacibdir.

Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov çıxışında qeyd edib ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının iyirmi faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Uzun illər ərzində Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atmasına baxmayaraq, Ermənistanın ölkəmizə qarşı təcavüzü hələ də davam edir.

Kitabxananın əməkdaşları Pərvin Mehdiyeva, Nübar Cəlilova, Sona Yaqubova, Fəridə Quluzadə söyləyiblər ki, bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz var – Sülh! Bu sözün böyük mənası qanlı müharibələrin bütün iztirab və ağrılarını görmüş insanlar üçün əzizdir, qiymətlidir. Dərisinin rəngindən, dini etiqadlarından asılı olmayaraq, yüz milyonlarla insan sülhü qorumaq, yeni qanlı müharibələrin qabağını almaq üçün birləşməlidir.

Tədbir çərçivəsində Beynəlxalq Sülh Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda “Biz sülh istəyirik” adlı kitab sərgisinə baxış keçirilib.

Tədbirin davamı olaraq növbəti sərgi Yasamal rayonu Mikayıl Müşfiq adına bağda “Dünyaya sülh” adı altında reallaşıb. Açıq havada təşkil olunan səyyar sərgi oxucular tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə